Polşa səfiri Azərbaycan Dillər Universitetində təqdimatla çıxış etmişdir
Bakı, 19 noyabr (AZƏRTAC). Noyabrın 19-da Azərbaycan Dillər Universitetinin (ADU) İnformasiya Resurs Kompleksində Polşanın Azərbaycandakı səfiri Mikal Labenda “Şərq tərəfdaşlığı” mövzusunda təqdimatla çıxış etmişdir.
ADU-dan AZƏRTAC-a bildirilmişdir ki, tədbirdə universitetin regionşünaslıq və beynəlxalq münasibətlər fakültəsinin dekanı Anar Nağıyev, həmin fakültənin britaniyaşünaslıq və amerikaşünaslıq ixtisasında təhsil alan tələbələr iştirak etmişlər.
Anar Nağıyev belə təqdimatların gələcəyin diplomatlarının formalaşması baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulamışdır.
Səfir Mikal Labenda Azərbaycan dilində çıxış edərək Avropa İttifaqının “Şərq tərəfdaşlığı” proqramı haqqında danışmışdır.
Diplomat proqramın siyasi əməkdaşlıq, insanlar arasında ünsiyyət, viza rejiminin sadələşdirilməsi, iqtisadi əlaqələr üçün tamamilə yeni şərtlərin meydana gətirilməsi və müəyyən mənada siyasi inteqrasiyanı əhatə etdiyini söyləmişdir.
Səfir çıxışında Şərq Tərəfdaşlığı Gənclər Şəbəkəsinin fəaliyyətindən də danışmışdır. O, Erasmus Mundus proqramında 2007-2013-cü illərdə 252 min nəfərin iştirak etdiyini və bu insanların 28 ölkənin 1000-ə yaxın universitetindən yararlandığını bildirmişdir. M.Labenda əlavə etmişdir ki, Azərbaycandan 2010-2012-ci illərdə bu proqramdan 230-dan çox insan faydalanmışdır.
Diplomat, həmçinin təqdimatında təmsil etdiyi ölkənin təqaüd proqramları haqqında məlumat vermişdir.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılmışdır.