İQTİSADİYYAT
Pomorye sahibkarlarının Azərbaycana biznes-missiyası təşkil olunacaq
Bakı, 27 dekabr, AZƏRTAC
2019-cu ilin mayında Arxangelsk vilayəti nümayəndələrinin Azərbaycana biznes-missiyası planlaşdırılır. Öz məhsullarını Azərbaycanda təqdim etməyə hazır olan gələcək iştirakçıların müraciətləri yanvarın 20-dək qəbul edilir.
AZƏRTAC xəbər verir ki, bu barədə tədbirin təşkilatçısı olan Rusiya Federasiyasının Arxangelsk vilayəti hökumətinin saytında yerləşdirilən məlumatda bildirilir.
Biznes-missiyanın məqsədlərindən biri iqtisadi əməkdaşlığın inkişafı, həmçinin Arxangelsk vilayəti ilə Azərbaycanın istehsalçıları və ticarət sahəsinin nümayəndələri arasında tərəfdaş münasibətlərinin yaradılmasıdır.
Arxangelsk vilayətini və Azərbaycan Respublikasını çoxdankı dostluq əlaqələri birləşdirir. Hazırda Azərbaycan Respublikası Arxangelsk vilayəti üçün ən mühüm ticarət partnyorlarından biridir. Belə ki, 2017-ci ildə ikitərəfli ticarətin həcmi 24,6 milyon ABŞ dolları təşkil edib.
Cari ilin payızında Pomorye nümayəndə heyəti üçüncü dəfə Rusiya-Azərbaycan İşgüzar Forumunda iştirak edib. Arxangelsk vilayətinin qubernatoru İqor Orlovun sözlərinə görə, Rusiyanın bu regionu ilə Azərbaycan arasında ticarət dövriyyəsi il ərzində 40 faiz artıb.
Regionun rəhbəri onu da qeyd edib ki, artıq Bakıda Arxangelskdə istehsal olunan məhsulları, məsələn, uşaq çarpayılarını əldə etmək mümkündür.
İ.Orlov deyib: “Pomorye meşə, balıq kimi sərvətlərlə zəngindir, vilayətdə, həmçinin kağız, karton istehsal edilir. Çox istərdik ki, sərvətlərimizə əlavə olaraq, bizdə turizm inkişaf etsin, həm də hər iki istiqamətdə. Rusiyanın Şimalı da, Azərbaycanın heyrətamiz gözəlliyi də diqqətə layiqdir”.