Praqadakı Azərbaycan Mədəniyyət Evində ədəbi axşam təşkil olunub
Bakı, 13 fevral, AZƏRTAC
Praqadakı Azərbaycan Mədəniyyət Evində Şəbnəm Əsədovanın tərcüməsində olan Çex nəsrinin Azərbaycan dilindəki antologiyası olan “Çex klassiklərinin hekayələri”nin növbəti təqdimatı çərçivəsində ədəbi axşam keçirilib. Tədbir ölkələrimiz arasında mədəni əməkdaşlığın inkişafı çərçivəsində Çexiya “Natavan” Cəmiyyəti və Çexoslovakiya Xarici Əlaqələr İnstitutu tərəfindən təşkil edilib.
AZƏRTAC xəbər verir ki, tədbir çərçivəsində müasir Çex ədəbiyyatının tanınmış simaları - yazıçı Mixal Ayvaz, eləcə də yazıçı, tərcüməçi və Havliçkuv Brodda keçirilən Payız Kitab Sərgisinin təsisçisi Marketa Heykalova ilə görüş keçirilib. Görüşün moderatoru qismində dosent, filoloq və antologiyanın redaktoru İvana Bozdyehova çıxış edib.
Tədbirdə antologiyanın ədəbi əlaqələrin güclənməsinə, mədəniyyətlərarası dialoqun genişlənməsinə və klassik Çex nəsrinin Azərbaycan auditoriyası arasında təbliğ edilməsinə töhfə verən bir layihə kimi əhəmiyyəti vurğulanıb.