SİYASƏT
“PRESS-KLUB”DA MƏTBUAT KONFRANSI
Prezidentin İcra Aparatının şöbə müdiri Şahin Əliyev sentyabrın 6-da “Press-klub”da kütləvi informasiya vasitələrinin nümayəndələri üçün mətbuat konfransı keçirmişdir. O, “Dövlət sirri haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında Prezidentin 2002-ci il 24 avqust tarixli Fərmanını şərh edərək dedi ki, bu sənəd hər şeydən əvvəl jurnalistlərin qorunmasına yönəlibdir.
Ş.Əliyev bildirdi ki, dövlət sirrini təşkil edən məlumatların yayılması dövlətə xəyanət kimi məhkəmə tərəfindən təhlil olunmursa, bu halda inzibati məsuliyyət tətbiq edilir. Bu da “İnzibati xətalar haqqında” məcəllənin 189-cu maddəsinə uyğundur. Bu məcəllə 2000-ci ildə qəbul olunubdur. Yəni bu növ məsuliyyət indiyədək mövcud olmuşdur və onu heç kim ləğv etməmişdir.
Prezidentin İcra Aparatının şöbə müdiri “Dövlət sirrinin kütləvi informasiya vasitələrində yayılmasının qarşısının alınması Qaydası”nın müxtəlif məqamlarına da aydınlıq gətirdi. O dedi ki, avqustun 24-də imzalanmış Fərman jurnalistlər üçün bir növ tövsiyədir, orada heç bir məcburedici maddə yoxdur.