PREZİDENT İLHAM ƏLİYEV RUSİYANIN GÖRKƏMLİ ONKOLOQU M.DAVIDOVA TƏBRİK MƏKTUBU GÖNDƏRMİŞDİR
P.Bülbüloğlu bildirmişdir ki, Azərbaycan Prezidenti İlham Əliyevin akademikə ən xoş arzular ifadə olunan təbrik məktubunu ona böyük məmnuniyyətlə təqdim edir. Səfir demişdir: “Siz hazırda Azərbaycanda işləyən və insanları XX əsrin ən dəhşətli xəstəliyindən müalicə edən onkoloq həkimlərin bütöv bir nəslini yetişdirmisiniz. Rusiya məktəbini keçən bir çox azərbaycanlı indi görkəmli həkimlərdir və biz bunu yüksək qiymətləndiririk. Dövlətimiz bu cür əməkdaşlığa böyük diqqət yetirir və ümidvarıq ki, əlaqələrimiz davamlı olacaqdır”.
Mixail Davıdov ona göstərilən diqqətə görə Azərbaycan Prezidentinə dərin minnətdarlığını bildirərək demişdir: “Azərbaycan Prezidenti İlham Əliyevdən təbrik məktubu almaq mənim üçün yüksək şərəfdir və mənə göstərilən etimadı doğrultmağa çalışacağam”.
M.Davıdov bildirmişdir ki, Rusiya mütəxəssisləri azərbaycanlı həmkarları ilə sıx və səmərəli əməkdaşlıq edirlər. Bu il sentyabrın 26-dan oktyabrın 1-dək Bakıda MDB onkoloqlarının 4-cü qurultayı keçiriləcəkdir. M.Davıdov demişdir: “Mən bu məsələ ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşdüm və o, bu ideyanı dəstəkləyərək, bizə böyük ehtiram göstərdi. İndi qurultaya fəal hazırlıq gedir və bu, təkcə Azərbaycan üçün deyil, həm də bütün Birlik ölkələri üçün böyük əhəmiyyətə malik bir hadisə olacaqdır. Qurultayda yüksək texnologiyalar, onkoloji xəstəliklərin müasir diaqnostikası və müalicə metodları təqdim olunacaqdır ki, bu da praktik səhiyyəyə böyük fayda gətirər, cavanları fəallaşdırar, onları bir çox problemlərin həllinə cəlb edər. Buna görə də Azərbaycan Prezidentinin dəstəyi bizim üçün çox vacibdir”. M.Davıdovun sözlərinə görə, onkoloqların qurultayına akademik Məmməd Əliyev sədrlik edəcək, o, özü isə qurultayda MDB Onkoloqlar Assosiasiyasının prezidenti kimi təşkilat komitəsinin üzvü qismində iştirak edəcəkdir. Onun fikrincə, bu istiqamətdə görüləcək işlər çox faydalı olacaqdır.
Azərbaycan ilə Rusiya arasında əməkdaşlığa toxunan M.Davıdov demişdir: “Bu gün biz Azərbaycan üçün çoxlu və güclü mütəxəssislər hazırlayırıq. Əminəm ki, yaxın 5-6 ildə biz yüksək tibb texnologiyalarının tətbiqi baxımından respublikada vəziyyəti tamamilə dəyişəcəyik. Yeri gəlmişkən, Azərbaycan bu istiqamətdə öncül mövqedədir, çünki millətin sağlamlığı Prezident İlham Əliyevin himayəsi altındadır. Mən Azərbaycanın bütövlükdə inkişafının necə sürətlə getdiyini görürəm, bu baxımdan o, Birliyin bir çox digər ölkələrindən irəlidədir”.
Azərbaycan səfiri ölkəmiz barəsində dediyi xoş sözlərə görə M.Davıdova təşəkkürünü bildirərək vurğulamışdır ki, həqiqətən, respublikamızın rəhbərliyi sosial proqramlara, ilk növbədə, millətin sağlamlığına və təhsilə böyük diqqət yetirir. O demişdir ki, respublikamızda Heydər Əliyev Fondu yaradılmışdır və ona Azərbaycanın birinci xanımı Mehriban Əliyeva başçılıq edir. Mehriban xanımın təşəbbüsü ilə yeni məktəblərin və xəstəxanaların tikilməsi, müxtəlif tibb müəssisələrinin yenidən qurulması üçün xeyli iş görülür. P.Bülbüloğlu demişdir: “Ümumilikdə, ölkə Prezidentinin, Azərbaycanın birinci xanımının səyləri sayəsində vətəndaşların sağlamlığına, bu sahədə profilaktik tədbirlərə diqqət artırılmış, ölkənin Səhiyyə Nazirliyi qarşısında ciddi vəzifələr qoyulmuşdur”.
P.Bülbüloğlu bildirmişdir ki, səfirlik MDB onkoloqlarının qarşıdakı qurultayının təşkilinə və uğurla keçirilməsinə hərtərəfli yardım göstərəcəkdir.