SİYASƏT
Prezident İlham Əliyevin AZƏRTAC-a müsahibəsi Misir mətbuatının diqqət mərkəzində olub
Qahirə, 1 fevral, AZƏRTAC
Azərbaycan Prezidenti İlham Əliyevin Gəncə şəhərinə səfəri zamanı AZƏRTAC-a müsahibəsi Misir mətbuatının diqqət mərkəzində olub.
Misirin “Asia Əl Yom” informasiya agentliyi, “Əl Masriyə”, “Nile1” portalları dövlətimizin başçısının müsahibəsindən əsas məqamları işıqlandırıb. Xəbərlərdə Prezident İlham Əliyevin Gəncədə təməlini qoyduğu Memorial Kompleksin erməni vəhşiliyini əks etdirəcəyi barədə sözləri vurğulanıb, dövlətimizin başçısının bununla bağlı fikirləri yer alıb: “Müharibə başa çatıb. Bəli, biz deyirik ki, sülh olmalıdır. Ancaq heç vaxt erməni vəhşiliyini, erməni faşizmini unutmamalıyıq. Xocalı qurbanlarını unutmamalıyıq. Gəncə qurbanlarını, digər şəhərlərimizin qurbanlarını heç vaxt unutmamalıyıq və unutmayacağıq. Onların müqəddəs ruhu qarşısında baş əyərək bir daha deyirik ki, onların qanı yerdə qalmadı. Onların yaxınları üçün bəlkə də bu, təsəlli ola bilər. Eyni zamanda, deyirik ki, biz müzəffər xalqıq, biz qalib dövlətik. Erməni faşizmini məğlub etdik. Elə etməliyik ki, erməni faşizmi bundan sonra heç vaxt baş qaldırmasın”.
Misir ictimaiyyətinin diqqətinə çatdırılıb ki, Prezident İlham Əliyev müsahibəsində İkinci Qarabağ müharibəsi dövründə Gəncənin dəfələrlə cinayətkar Ermənistan ordusu tərəfindən bombalandığını, şəhərə 13 raket atıldığını, əfsuslar olsun ki, onlardan 8-nin partlayaraq insanların həyatına son qoyduğunu deyib. Həmçinin qeyd olunub ki, Azərbaycanın dövlət başçısı ballistik raketlərin trayektoriyasının böyük dövlətlər tərəfindən izlənildiyini bildirib və hər kəsin erməni ordusunun gecə vaxtı dinc şəhəri, müharibə zonasından uzaqlarda yerləşən şəhərin məhz yaşayış məhəlləsini məqsədyönlü şəkildə atəşə tutduğunu gördüyünü söyləyib. O əlavə edib: “Yəni, bu, təsadüfən açılan atəş deyildi, məqsədyönlü şəkildə yaşayış binasını vurmaq, Azərbaycan vətəndaşlarını öldürmək, Azərbaycan xalqının gözünü qorxutmaq, Azərbaycan rəhbərliyini torpaqların azad edilməsindən çəkindirmək məqsədi daşıyırdı. Əlbəttə, bu, hərbi cinayətdir və hərbi cinayət kimi dünya tərəfindən tanınmalıdır”.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə