Prokurorluğa qulluğa qəbulla bağlı müsabiqənin test imtahanında 163 namizəd müvəffəqiyyət qazanıb
Bakı, 11 oktyabr, AZƏRTAC
Baş Prokurorluq tərəfindən Dövlət İmtahan Mərkəzi ilə birgə oktyabrın 10-da Prezidentin 19 iyun 2001-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında” Əsasnamənin tələblərinə müvafiq olaraq elan edilmiş sayca 26-cı müsabiqənin ilkin mərhələsi olan test imtahanı keçirilib və imtahanın nəticələri Baş Prokurorluğun rəsmi internet səhifəsində yerləşdirilib.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, həmin test imtahanında müvəffəqiyyət qazanmış 163 namizəd oktyabrın 20-dək Baş Prokurorluğun internet səhifəsi vasitəsilə özünün şəxsi kabinetinə daxil olub aşağıda qeyd olunan sənədləri “PDF” faylı formasında skan edilmiş vəziyyətdə həmin sənədlərin adlarına uyğun müvafiq bölmələrə yükləməlidirlər:
- əmək kitabçasının qeydlər aparılmış səhifələrinin notariat qaydasında və yaxud iş yeri üzrə təsdiq edilmiş surəti (hazırda işləyən və ya əvvəllər işləmiş namizədlər);
- yaşadığı ünvan üzrə poliklinikadan sağlamlıq barədə (Forma № 086-poliklinikanın möhürü ilə təsdiq olunmuş fotoşəkilli), ruhi-əsəb və narkoloji dispanserlərdə qeydiyyatda olub-olmaması barədə arayışlar;
- yaşadığı ünvan və ailə tərkibi haqqında arayış;
- yaşadığı ünvan üzrə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli qurumlarında qeydiyyatda olması və həqiqi hərbi xidmət keçməsi barədə arayış;
- hərbi biletin qeydlər aparılmış səhifələrinin surəti;
Əlavə suallarla bağlı 437-28-56, 361-00-76, 361-00-77, 361-00-78, 361-00-80 nömrəli telefonlar vasitəsilə müraciət etmək olar.