Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı müsabiqənin yazılı imtahan mərhələsi keçiriləcək
Bakı, 3 noyabr, AZƏRTAC
Azərbaycan Prezidentinin 2001-ci il 19 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş “Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında Əsasnamə”yə uyğun olaraq cari il Baş Prokurorluq tərəfindən elan edilmiş müsabiqənin yazılı imtahan mərhələsi noyabrın 15-də saat 10:00-dan başlayaraq 4 saat müddətində Azərbaycan Texniki Universitetinin “İdman Sarayı”nda (Bakı ş. Yasamal r. Ayna Sultanova küçəsi 5) keçiriləcək.
Bu barədə AZƏRTAC-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
Yazılı imtahana buraxılmış namizədlər “Yazılı imtahana buraxılış vərəqəsi”ni və şəxsiyyət vəsiqəsinin əslini təqdim etməklə imtahanda iştirak edə bilərlər.
Namizədlər buraxılış rejiminin vaxtında həyata keçirilməsi üçün imtahana azı 1 saat qalmış imtahan keçiriləcək binanın qarşısında olmalıdırlar.
İmtahanın keçirilməsi qaydalarına dair məlumat “Yaddaş kitabçası”nda əks etdirilib.
Namizədlər “Yazılı imtahana buraxılış vərəqəsi” və “Yaddaş kitabçası”nı noyabrın 13-14-də saat 10:00-dan 18:00-dək şəxsiyyət vəsiqəsini təqdim etməklə Baş Prokurorluğun inzibati binasının qəbul otağında (N.Rəfibəyli 7) ala bilərlər.
Əlavə suallarla bağlı 437-28-56, 361-00-76, 361-00-77, 361-00-78, 361-00-80 nömrəli telefonlar vasitəsilə müraciət etmək olar.