Proqnozların özünü doğrultması 92-96 faiz təşkil edir
Bakı, 30 yanvar, AZƏRTAC
Hidrometeoroloji Proqnozlar Bürosu (HPB) Milli Hidrometeorologiya Departamentinin (MHD) operativ bölməsidir. Hidrometeoroloji Proqnozlar bürosunun işində operativliyi təmin etmək və səmərəliliyi artırmaq məqsədi ilə 2012-ci il ildə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Əmri ilə büroda 5 şöbə və 2 qrup yaradılmış və fəaliyyət göstərir: qısamüddətli proqnozlar şöbəsi, uzunmüddətli proqnozlar şöbəsi, hidroloji proqnozlar şöbəsi, hidrometeoroloji və təhlükəli hidrometeoroloji hadisələrinin operativ informasiya şöbəsi, proqnoz metodları və iqlim xidmətləri şöbəsi, hidrometeoroloji proqnozların təqdimatı və nəşri qrupu, peyk və radiolokasiya məlumatlarının işlənməsi qrupu. Büroda respublikanın 7 bölgəsi və Bakı şəhəri üçün verilən qısamüddətli (sutkalıq) və ortamüddətli (48, 72 saat), aylıq proqnozlar, Xəzər dənizinin 6 akvatoriyası üzrə tərtib olunan qısamüddətli (yarımsutkalıq, sutkalıq) və ortamüddətli dəniz hidrometeoroloji proqnozlar tərtib edilir. Hava şəraitində kəskin dəyişiklik, Xəzər dənizində təhlükəli və ifrat təhlükəli hidrometeoroloji hadisələr gözlənilirsə əvvəlcədən hazırlanıb müvafiq orqan və təşkilatlara vaxtlı-vaxtında məlumat çatdırılır.
Bu sözləri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi Gülşad Məmmədova AZƏRTAC-a müsahibəsində söyləyib.
G.Məmmədova bildirib ki, proqnozların tərtibatı çox çətin prosesdir. Proqnoz və xəbərdarlıqların keyfiyyətinin artırılması məqsədi ilə yüksək texnologiyalardan istifadə olunur. Fransanın “Karabor” şirkəti ilə bağlanmış müqavilə çərçivəsində 70-ə yaxın avtomat stansiya alınıb. Bu stansiyalara məlumatlar internet vasitəsilə birbaşa e-maillə daxil olur və bazada arxivləşdirilir. Daha bir sistem isə 2004-cü ildən tətbiq olunan “TURKMETCAP”dır. “TURKMETCAP” sinoptik vizuallaşdırma və təhlil sistemidir. 2010-2012-cü ildə yeni versiyası “TURKMETCAP+” tətbiq edilməyə başlanılıb. Proqnozların hazırlanmasında faktiki məlumatlarla yanaşı, çoxsaylı proqnostik xəritələr, rəqəmli modellərin nəticələri bu sistem vasitəsi ilə əldə olunur və informasiya mübadiləsi həyata keçirilir.
Proqnozlar, həmçinin Türkiyənin VSAT-Peyk Məlumat Mübadiləsi Sistemi, Rusiyanın Roshidrometin UniMASS-Məlumatların Kommutasiya Mərkəzinin məlumatları əsasında tərtib olunur. Almaniyanın EUMETSAT peyk sistemi 12 spektr üzrə bulud sistemlərinin vizuallaşmasını təmin edir.
Hava Proqnozları bürosunda hər 15 dəqiqədən bir məlumatlar yenilənir. Proqnozların özünü doğrultması isə 92-96 faiz təşkil edir.