QAFQAZ MÜSƏLMANLARI İDARƏSİNİN MƏTBUAT XİDMƏTİ BƏYANAT YAYMIŞDIR
Dağlıq Qarabağ məsələsi ortaya atılandan etibarən, bu qondarma problemin dinc yolla həlli üçün əlindən gələni əsirgəməmiş, ermənilərin dini rəhbərləri ilə dəfələrlə görüşlər keçirmiş, münaqişənin dini müstəviyə keçməməsi, dini çalar kəsb etməməsi üçün gərgin səy və ardıcıl fəaliyyət göstərmiş Qafqaz Müsəlmanları İdarəsi bəyan edir ki, Eçmiədzində əyləşənlər öz soydaşlarını “İrəli, Ermənistan, Allaha doğru” çağırışı ilə xeyir-dua verərək işğal altında saxladıqları əzəli Azərbaycan torpaqlarına yönəltməklə öz xalqını, millətini sonu görünməyən uçuruma sürükləyirlər.
Bəyanatda deyilir: Biz təəssüf edirik ki, Eçmiədzin rəhbərliyi əldə olunmuş razılaşmaların ruhuna xilaf çıxaraq, münaqişənin sülh yolu ilə həll olunmasına yardım etmək əvəzinə, onun daha da dərinləşməsinə rəvac verir. Dini hisslərdən münaqişələrin, dini ədavətin qızışdırılması vasitəsi kimi istifadə olunması qəti yolverilməzdir. Bu, erməni katolikosunun da iştirakçısı olduğu dünya din xadimlərinin 2006-cı ildə Moskvada keçirilmiş zirvə görüşünün yekun sənədində də öz əksini tapmışdır. Din xadimlərinin bu işdə üzərlərinə böyük məsuliyyət düşür və xalqlarımızın, millətlərimizin sabahı naminə bunu dərk etmək lazımdır.
Hesab edirik ki, din və dinlərarası münasibətlər insanlar və xalqlar arasında nifaq deyil, qarşılıqlı anlaşma yaratmağa xidmət etməlidir. Dinlərarası dialoqun genişləndiyi, dünya dinlərinin sülhyaratma potensialından tam istifadə olunması qayğısına qalındığı, bu işə BMT səviyyəsində dəstək verildiyi bir zamanda erməni din xadimlərinin fətvası ilə baş verən son olay isə təcavüz və işğala haqq qazandırmaq anlamına xidmət edərək, dialoqun inkişafına yer qoymur; hərçənd ki, problemin ən optimal həll yollarından biri dialoqdur.
Bəyanat bu sözlərlə bitir: Qafqaz Müsəlmanları İdarəsi ermənilərin növbəti fitnəsinə qəti etirazını bildirir, ermənistanlı yürüş iştirakçılarının Azərbaycan tərəfinin razılığı olmadan dövlətimizin ərazisinə daxil olmasının qeyri-qanuni, beynəlxalq normalara zidd olduğunu bəyan edir və yürüşün dini çalar daşımasına nə qədər acınacaqlı fəsadlara gətirib çıxara biləcəyi təhlükəsi ilə bağlı ciddi düşünməyi erməni tərəfindən tələb edirik.