Qahirədə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü qeyd edilib
Bakı, 27 dekabr, AZƏRTAC
Qahirədə fəaliyyət göstərən Misir Azərbaycan Dostluq Cəmiyyətində 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə tədbir keçirilib.
Cəmiyyətdən AZƏRTAC-a bildirilib ki, tədbirdə Azərbaycanın Misirdəki səfiri Elxan Poluxov, Qahirədə yaşayan soydaşlarımız və Misir-Azərbaycan Dostluq Cəmiyyətindəki kurslarda Azərbaycan dilini öyrənən tələbələr iştirak ediblər.
Tədbirdə Azərbaycanın Dövlət Himni səsləndirilib.
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə tədbir iştirakçılarını təbrik edən səfir Elxan Poluxov Ulu Öndər tərəfindən təsis edilmiş bu əlamətdar günün yalnız azərbaycanlıların deyil, həmçinin dünyada Azərbaycanı sevən və özlərini azərbaycanlılara yaxın və dost hesab edən bütün insanların həmrəyliyi bayramı olduğunu qeyd edib. O əlavə edib ki, bu hörmət və həmrəylik əbədidir.
Misir-Azərbaycan Dostluq Cəmiyyəti və bu ölkədəki Azərbaycan diasporunun sədri, tədqiqatçı-alim Seymur Nəsirov son illərdə dövlətlərimiz arasında əlaqələrin sürətli inkişafından, Azərbaycan icmasının, eyni zamanda Misir-Azərbaycan Dostluq Cəmiyyətinin fəaliyyətindən bəhs edib.
Seymur Nəsirov Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi və “Heydər Əliyev İli” münasibətilə Dostluq Cəmiyyəti tərəfindən silsilə tədbirlər keçirildiyini iştirakçıların diqqətinə çatdıraraq, bu tədbirlərin gələn il də davam edəcəyini qeyd edib.
Sonra Misir-Azərbaycan Dostluq Cəmiyyətində Azərbaycan dili kursunun misirli müdavimləri Azərbaycan dilində çıxışlar edib, ölkəmizi vəsf edən şeirlər söyləyiblər.