QANLI YANVARIN İLDÖNÜMÜ PAKİSTANDA DA QEYD EDİLMİŞDİR
Səfir Eynulla Mədətli qanlı 20 Yanvar faciəsinin səbəbləri, sovet imperiyasına rəhbərlik edən ermənipərəst şəxslərin Azərbaycan xalqına qarşı yeritdiyi məkrli siyasət barədə məlumat vermiş, işğalçı Ermənistan ordusunun və quldur dəstələrinin ölkəmizə qarşı törətdikləri digər ağır cinayətlərdən danışmışdır. O, 20 Yanvarı Azərbaycan xalqının təkcə faciə günü kimi yox, həm də tariximizin ibrətamiz səhifəsi, milli azadlıq hərəkatının yuksəliş zirvəsi kimi dəyərləndirmişdir.
Digər çıxış edənlər ümummilli lider Heydər Əliyevin faciədən dərhal sonra Azərbaycanın Moskvadakı nümayəndəliyinə gələrək xalqa qarşı bu qanlı qırğını törədən sovet imperiyasını, Kommunist Partiyasının rəhbərliyini kəskin şəkildə ittiham etməsini tarixi əhəmiyyətli bir addım kimi dəyərləndirmişlər. Qeyd edilmişdir ki, xalqımıza qarşı törədilən bu cinayətin əsil qiyməti də məhz sonralar Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə verilmişdir.
Dünya ictimaiyyətinin diqqətini yenidən 20 Yanvar faciəsinə yönəltmək məqsədi ilə səfirliyin mətbuat xidməti tərəfindən Qanlı Yanvar faciəsinin 16-cı ildönümü ilə əlaqədar xüsusi press-reliz hazırlanmış, beynəlxalq təşkilatlara, diplomatik nümayəndəliklərə, yerli dövlət və hökumət orqanlarına göndərilmişdir.
Tədbir iştirakçıları Azərbaycan televiziyası ılə Şəhidlər xiyabanından yayımlanan matəm mərasimini izləmiş, 20 Yanvar faciəsinə həsr olunmuş foto-sərginin önündə dayanaraq şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad etmiş, dinc əhaliyə qarşı qanlı faciəni törədənlərin əməllərini pisləmişlər.