QARA DƏNİZ İQTİSADİ ƏMƏKDAŞLIQ TƏŞKİLATI AZƏRBAYCANIN BEYNƏLXALQ LAYİHƏLƏRDƏ İŞTİRAKINI YÜKSƏK QİYMƏTLƏNDİRİR
Xarici İşlər Nazirliyinin mətbuat mərkəzindən AZƏRTAC-a bildirmişlər ki, səmimi qəbula görə təşəkkürünü bildirən Yannis Papanikolau mərkəz haqqında məlumat verərək qurumun Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində xarici işlər nazirlərinin 1995-1996-cı illərdə keçirilmiş iclaslarının qərarına əsasən 1998-ci ilin dekabr ayında Afinada təsis olunduğunu qeyd etdi. Mərkəzin daha çox akademik əməkdaşlığın əlaqələndiricisi kimi tanındığını diqqətə çəkən Yannis Papanikolau bu qurumun bir sıra tədbirlər və layihələr həyata keçirdiyini və öz fəaliyyətində QİƏT-ə üzv ölkələri arasında əməkdaşlığın bir sıra sahələrinə, xüsusilə elm–texnologiya məsələlərinə diqqət yetirdiyini bildirdi. QİƏT-ə üzv olan ölkələr sırasında Azərbaycanın iqtisadiyyat və enerji daşıyıcıları sahəsində rolunu yüksək dəyərləndirən qonaq, üzv dövlətlərin xarici əlaqələr potensialının gücləndirilməsi üçün ölkəmizin əlverişli coğrafi mövqedə yerləşdiyini diqqətə çatdırdı.
Xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanın üzv olduğu Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının ölkəmiz üçün təkcə iqtisadi cəhətdən deyil, həm də regional əməkdaşlıq üçün də vacib qurum olduğunu bildirdi. Xarici İşlər Nazirləri Şurasının 2000-ci ildə Kişinyovda keçirilmiş ikinci iclasında Beynəlxalq Qara dəniz Tədqiqatları Mərkəzinə ölkəmizin üzv olması üçün razılığın əldə edilməsini isə, nazir geniş əməkdaşlığın zəruri addımı kimi qiymətləndirdi. Ölkəmizin bir sıra böyük iqtisadi layihələrdə, o cümlədən Bakı–Tbilisi-Ceyhan, TRASEKA layihələri çərçivəsində iştirakını vurğulayan nazir Elmar Məmmədyarov, qurum çərçivəsində məhsuldar əməkdaşlıq üçün respublikamızın potensial imkanlara malik olduğunu qonağın diqqətinə çatdırdı. Gələcək əməkdaşlıq üçün regionda sabitliyin vacib olduğunu qeyd edən nazir, Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq birliyin birgə səyləri əsasında həll edilməsinin vacib olduğunu xüsusi vurğuladı.
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər də müzakirə edilmişdir.