İQTİSADİYYAT
Qara Dəniz Ticarət və İnkişaf Bankının istiqrazlarının yerləşdirilməsi üzrə hərracda rekord göstəricilər əldə edilib
Bakı, 2 avqust, AZƏRTAC
“Bakı Fond Birjası” QSC-nin (BFB) ticarət platformasında Qara Dəniz Ticarət və İnkişaf Bankının AZ2001021487 qeydiyyat nömrəli istiqrazlarının yerləşdirilməsi üzrə hərracda rekord göstəricilər əldə olunub.
BFB-dən AZƏRTAC-a bildirilib ki, bankın 10 milyon manat məbləğində kütləvi təklif üsulu ilə ticarətə buraxılmış istiqrazları üzrə 81milyon manat sifariş toplanıb. Beləliklə, rəqabətli hərrac üsulu ilə yerləşdirilmiş istiqrazlara tələb təklifi 8 dəfə üstələyib. Yerli qiymətli kağızlar bazarında ilk dəfə beynəlxalq maliyyə institutun milli valyutada emissiya etdiyi istiqrazlara investorlar tərəfindən rekord 63 sifariş təqdim edilib.
Maliyyə Bazarlarına Nəzarət Palatasının təşəbbüsü ilə beynəlxalq maliyyə institutlarının istiqraz emissiyası üzrə beynəlxalq təcrübəyə uyğun stimullaşdırıcı hüquqi çərçivənin yaradılması, o cümlədən BFB-nin listinq qaydalarında beynəlxalq maliyyə institutlarının spesifikasiyasına uyğun listinq tələblərinin müəyyən edilməsi nəticəsində həmin təşkilatların istiqraz emissiyasına dair tələblər sadələşdirilib. Bu istiqamətdə atılan addımlar nəticəsində nüfuzlu beynəlxalq maliyyə institutlarından biri hesab edilən Qara Dəniz Ticarət və İnkişaf Bankı Azərbaycan qiymətli kağızlar bazarında ilk istiqrazlarını müvəffəqiyyətlə yerləşdirib.
Emitentin qərarına əsasən, istiqrazların kəsmə qiyməti 1036.9251 AZN (7.25 faiz), orta ölçülmüş qiyməti isə 1038.5984 AZN (7.16 faiz) müəyyən olunub. Hərrac nəticəsində istiqrazlar tam şəkildə yerləşdirilib. Tədavül müddəti 2 il olan istiqrazlar üzrə ödəmə tarixi 2021-ci iyulun 31-dir. İllik faiz dərəcəsi 9,25 faiz təşkil edir və faizlər 3 təqvim ayından bir ödənilir.
Cari ilə Qara Dəniz Ticarət və İnkişaf Bankının uzunmüddətli kredit reytinqi “Standard & Poor’s” tərəfindən “A-”, “Moody’s” tərəfindən isə “A2” dərəcəsində müəyyən olunub.