ELM VƏ TƏHSİL
“Qarabağ Azərbaycandır!” onlayn beynəlxalq uşaq rəsm müsabiqəsi sabah başa çatır
Bakı, 28 dekabr, AZƏRTAC
Təhsil Nazirliyinin dəstəyi və 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə keçirilən “Qarabağ Azərbaycandır!” onlayn beynəlxalq uşaq rəsm müsabiqəsi sabah başa çatır.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, müsabiqənin keçirilməsində məqsəd Qarabağın işğaldan azad olunmuş şəhər və kəndlərini uşaq və gənclərə tanıtmaq, böyüməkdə olan gənc nəsildə Vətənə, torpağa məhəbbət hissini artırmaq və hərbi-vətənpərvərlik ruhunu təbliğ etmək, uşaqların ev şəraitində asudə vaxtlarını səmərəli təşkil etmək, istedadlı uşaqları üzə çıxarmaq və yaradıcılıq qabiliyyətlərini inkişaf etdirməkdən ibarətdir.
Rəsmlər mütəxəssislərdən ibarət münsiflər heyəti tərəfindən qiymətləndiriləcək. Hər yaş qrupu üzrə I, II, III yerlərə layiq görülən iştirakçılar Təhsil Nazirliyi 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin diplomları ilə təltif olunacaqlar. Hər yaş qrupu üzrə bir iştirakçı “Qran-Pri” mükafatına layiq görüləcək.
Əlavə suallar olacağı təqdirdə 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin “Facebook” və “Instagram” səhifələrinə müraciət etmək və +994 50 432 43 02, + 994 55 549 58 52 “WhatsApp” telefon nömrələri ilə əlaqə yaratmaq lazımdır.