İDMAN
“QARABAĞ-AZƏRSUN” FUTBOLÇULARI DÖRDDƏ BİR FİNALA ÇIXMAQ ÜMİDİNDƏDİRLƏR
Azərbaycanı bu nüfuzlu turnirdə Ağdamın “Qarabağ-Azərsun” klubu təmsil edir. Yarışların birinci günü ağdamlılar “Spartak” idman kompleksində Rusiyanın gənclərdən ibarət yığma komandası ilə görüşmüşlər. Oyun meydan sahiblərinin xeyrinə qurtarmışdır - 1:0.
Qeyd etmək lazımdır ki, futbolçularımız yüksək ustalıq, yaxşı texnika göstərsələr də, taktikada rəqiblərindən geri qalırdılar. Bundan başqa, görüşün ilk dəqiqələrində futbolçularımızdan biri meydandan çıxarılmış və idmançılarımız sayca azlıqda qalmışlar ki, bu da oyunun nəticəsinə təsir göstərməyə bilməzdi.
“Qarabağ-Azərsun” komandasının baş direktoru Əli Rəsulov AZƏRTAC-ın müxbiri ilə söhbətində görüşün yekununu şərh edərək dedi ki, oyun çox sərt oldu, idmançılarımız yeni şəraitə uyğunlaşmalı idilər. Onun sözlərinə görə, birinci görüş bizim üçün uğursuz nəticələnsə də, bu mötəbər turnirdə iştirak etmək təcrübə toplamaq baxımından faydalıdır, habelə komandanın yeni heyətini sınaqdan çıxarmaq və möhkəmlətmək üçün yaxşı imkandır.
Xatırladaq ki, futbolçularımız “S” qrupunda çıxış edirlər. Bu qrupa Moldova və Litva komandaları da daxildir. “Qarabağ-Azərsun” klubu yanvarın 18-də Moldovanın “Şerif” komandası, 20-də isə Kaunas futbolçuları ilə görüşəcəkdir.