Qarabağ və Şərqi Zəngəzur dünyanın ən dayanıqlı inkişaf zonalarından birinə çevrilir ŞƏRH
Bakı, 4 iyun, AZƏRTAC
İqlim dəyişiklikləri artıq planetimizin uzaq gələcəyinə aid olan təhlükə deyil, bu gün hər bir insanın, cəmiyyətin və dövlətin gündəlik reallığında, iqtisadiyyatında, təbii mühitində birbaşa hiss etdiyi ən böyük qlobal çağırışdır. İnsan fəaliyyətinin sənayeləşmə dövründən bu yana təbiətə vurduğu zərər, atmosferə buraxılan istixana qazlarının həcminin kritik hədləri aşması Yer kürəsinin ekoloji tərəzisini tamamilə pozub və bizi kütləvi iqlim böhranı ilə üz-üzə qoyub.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Qadın, İnkişaf, Gələcək İctimai Birliyinin sədri Gülşən Axundova deyib.
O qeyd edib ki, Azərbaycan bu qlobal çağırışlara və irimiqyaslı iqtisadi dəyişikliklərə izləyici qalmaqla kifayətlənməyib, əksinə, beynəlxalq birliyin məsuliyyətli və aktiv üzvü kimi qlobal təşəbbüslərin mərkəzində yer almağı seçib. “Ölkəmiz Paris Razılaşması çərçivəsində öz üzərinə çox ciddi öhdəliklər götürərək, istixana qazı emissiyalarını 2030-cu ilə qədər 35 faiz, 2050-ci ilə qədər isə 40 faiz azaltmağı hədəfləyib və bu strateji hədəflərə çatmaq üçün daxili idarəetmədə, qanunvericilikdə və iqtisadi strukturda köklü islahatlara start verilib. Dövlətimizin başçısı tərəfindən təsdiq edilən “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədində təmiz ətraf mühit və yaşıl artım ölkəsi olmaq strateji hədəf kimi qarşıya qoyulub və bu vizyon ölkənin uzunmüddətli inkişaf strategiyasının əsas hərəkətverici qüvvəsinə çevrilib”, - deyə İctimai Birlik sədri vurğulayıb.
O bildirib ki, uzun onilliklər boyu dünyaya ənənəvi karbohidrogen resursları ixrac edən bir ölkə kimi tanınan Azərbaycanın bu gün öz enerji siyasətində kəskin və uğurlu bir dönüş edərək yaşıl enerji keçidinin regional liderinə çevrilməsi dünya birliyi tərəfindən yüksək qiymətləndirilir. Ölkə xarici investisiyaları yaşıl enerji sektoruna cəlb etmək baxımından regionda misilsiz bir model formalaşdırıb. Dünyanın bu sahədə ən qabaqcıl və nəhəng şirkətləri, o cümlədən Birləşmiş Ərəb Əmirliklərinin "Masdar", Səudiyyə Ərəbistanının "ACWA Power" və Böyük Britaniyanın "bp" şirkəti Azərbaycana yüz milyonlarla dollar həcmində birbaşa xarici investisiya yatıraraq irimiqyaslı alternativ enerji layihələrini reallaşdırırlar. Qaradağ Günəş Elektrik Stansiyasının uğurla istismara verilməsi və ölkənin ümumi enerji sisteminə inteqrasiya olunması bu sahədə atılan ilkin, lakin olduqca nəhəng və simvolik addımlardan biridir.
“Ölkəmizin yaşıl enerji strategiyasının parlaq, qürurverici və tarixi səhifələrindən biri isə şübhəsiz ki, işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının rəsmi olaraq Yaşıl Enerji Zonası elan edilməsidir. Otuz ilə yaxın müddətdə viran qoyulmuş, ekoloji terrora məruz qalmış bu müqəddəs torpaqlarda həyatın yenidən sıfırdan, həm də tamamilə ekoloji prinsiplər, təmiz texnologiyalar və yaşıl artım modelləri əsasında qurulması bütün dünya üçün unikal bir təcrübədir. Azad edilmiş ərazilərdə qısa müddət ərzində yerli dağ çaylarının böyük potensialından istifadə edilərək 360 meqavatdan çox gücə malik hidroelektrik stansiyaları bərpa edilib və yeniləri inşa olunub. Bu göstəricinin yaxın illərdə 600 meqavatı keçməsi planlaşdırılır ki, bu da regionun tamamilə özünü təmin edən və karbon emissiyası sıfra bərabər olan bir zonaya çevrilməsinə xidmət edir. Eyni zamanda, bu ərazilərdə tətbiq olunan "Ağıllı şəhər" və "Ağıllı kənd" konsepsiyaları, binaların və sosial obyektlərin dam örtüklərində quraşdırılan Günəş panelləri, habelə ekoloji təmiz nəqliyyat infrastrukturunun qurulması Qarabağ və Şərqi Zəngəzuru dünyanın ən qabaqcıl və modern dayanıqlı inkişaf zonalarından birinə çevirir. Yəni Azərbaycanın yaşıl enerji strategiyası və iqlim dəyişikliyinə qarşı apardığı sistemli mübarizə, sadəcə, bu günün iqtisadi mənfəətlərini qorumağa yönəlməyib. Bu strategiya milli iqtisadi təhlükəsizliyimizi uzunmüddətli dövrdə sığortalamaqla yanaşı, gələcək nəsillərə daha təmiz, daha sağlam, yaşıl və təhlükəsiz bir dünya miras qoymaq baxımından ümumbəşəri və tarixi bir missiyanı uğurla yerinə yetirir”, - deyə Gülşən Axundova bildirib.