Qarabağda keçirilən “Gənc Mütəxəssislərin Peşə Ustalığı” yarışları başa çatıb



Hadrud, 23 may, AZƏRTAC
Ümummilli Lider Heydər Əliyevin 102 illik yubileyinə həsr edilmiş "Paylayıcı Şəbəkələrin gənc mütəxəssislərinin Peşə Ustalığı" yarışmasının ikinci günü Hadrutda keçirilib.
AZƏRTAC xəbər verir ki, “Hadrut” qovşaq yarımstansiyası və Rəqəmsal İdarəetmə Mərkəzinin Təlim-Məşq Poliqonunda 13 komanda - “Qız qalası”, “Şirvanşahlar”, “Odlar yurdu”, “Naxçıvan”, “Qarabağ”, “Aran”, “Şimal-qərb”, “Qərb”, “Mərkəzi-Aran”, “Şirvan”, “Xaçmaz”, “Sumqayıt”, “Cənub” peşə bacarıqlarını əyani şəkildə sınayıblar.
Final mərhələsinə yüksələn "Qarabağ", "Cənub", "Naxçıvan" və "Mərkəzi Aran" komandalarının hər biri verilən iki tapşırığı qısa vaxtda ən doğru şəkildə yerinə yetirməyə çalışıblar.
Günün yekunlarına əsasən "Qarabağ" komandası birinci, "Mərkəzi Aran" ikinci, "Cənub" komandası üçüncü yerə layiq görülüb. Qalib komandalar diplom və kubokla mükafatlandırılıb.
Qeyd edək ki, "Azərişıq" ASC Qarabağ və Şərqi Zəngəzurla yanaşı ölkənin bütün regionlarında maarifləndirici tədbirlər, yarışlar həyata keçirir. Səhmdar cəmiyyətin əməkdaşlarının peşə bilik və bacarıqlarının artırılması, təhlükəsizlik qaydalarına əməl olunması və insan həyatının mühafizəsi məqsədilə belə tədbirlər gələcəkdə də davam etdiriləcək.