Qarabağın arxeoloji və etnomədəni irsinə həsr edilən konfransa tezislər qəbul olunur
Bakı, 5 may, AZƏRTAC
AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun təşkilatçılığı ilə “Qarabağın arxeoloji və etnomədəni irsi: tarix və gələcəyə baxış” mövzusunda mayın 21-də keçiriləcək onlayn elmi konfransa tezislər qəbul olunur.
Bu barədə AZƏRTAC-a institutdan bildirilib.
Konfransda aşağıdakı istiqamətlərdə müzakirələr nəzərdə tutulur:
- Qarabağın arxeoloji abidələrinin tədqiqi tarixi;
- Qarabağ abidələrinin hazırkı vəziyyəti və aparılacaq tədqiqatların perspektivləri;
- Qarabağın alban irsi;
- Qarabağda etnodemoqrafik proseslər;
- Qarabağ əhalisinin ənənəvi təsərrüfat fəaliyyətinin, maddi və mənəvi mədəniyyətinin xüsusiyyətləri;
- Qarabağda etnoloji və antropoloji tədqiqatların perspektivləri.
Bu istiqamətlər üzrə 3 səhifə həcmində tezislər mayın 7-dək [email protected] və [email protected] elektron ünvanlarına göndərilməlidir.
Tezislərin tərtibi qaydaları:
- Müəllif(lər)in işlədiyi müəssisə və onun ünvanı, müəllifin elektron poçt ünvanı göstərilməlidir;
- Tezislər 3 dildə - Azərbaycan, rus və ingilis dillərində təqdim oluna bilər;
- Mətnlər “Times New Roman” 14 şrifti ilə, 1,5 intervalla yığılmalıdır;
- Açar sözlər göstərilməlidir.
Konfransın keçirilmə tarixi ərəfəsində tədbir iştirakçılarının e-poçtlarına “Zoom” proqramının müvafiq linki göndəriləcək.