Qarşıdakı beş ildə də dağınıq skleroz xəstələrinin müalicəsində ən müasir metodlar tətbiq ediləcək
Bakı, 7 mart, AZƏRTAC
2013-2017-ci illər ərzində Dövlət proqramı çərçivəsində ölkə üzrə 1400-ə yaxın xəstə müayinə olunub. Onlardan 1214-nə dağınıq skleroz diaqnozu qoyulub. 170-dən çox xəstədə diaqnoz tamamilə inkar edilib. 500-ə qədər xəstəyə “Avonex” preparatı, 200-ə qədər xəstəyə “Mitoksantron” preparatı təyin edilib. Ehtiyac yaranan təqdirdə xəstələr ümumilikdə 20-yə qədər adda digər preparatlarla təmin edilib.
AZƏRTAC xəbər verir ki, bu barədə M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında Prezident İlham Əliyevin fevralın 28-də imzaladığı Sərəncamla "Dağınıq skleroz xəstəliyinin müalicəsi, profilaktikası və onunla mübarizə tədbirlərinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı"nın təsdiq edilməsinə həsr edilən tədbirdə Klinik Xəstəxananın baş həkiminin müavini Mahir Babayev məlumat verib.
Onun verdiyi məlumata əsasən xəstəxana dağınıq sklerozu təyin etmək üçün lazımi tibbi ləvazimatlarla - tomoqrafiya plyonkaları və laborator reaktivlərlə təmin edilib.
Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun nevrologiya kafedrasının assistenti Rahim Əliyev nevroloji simptomatikalı, mərkəzi və periferik sinir sisteminin çoxocaqlı pozulması ilə müşayiət olunan, proqressivləşən gedişli xroniki xəstəlik olan dağınıq sklerozun əlamətləri, gedişi, yayılma arealı haqqında və xəstəliyin müalicəsi sahəsində tətbiq edilən müasir müalicə metodları barədə danışıb. Əsasən 20-40 yaş arasında rast gəlinən, qadınlar arasında daha çox yayılan xəstəlik paytaxtda, Quba-Xaçmaz, Zaqatala-Balakən regionlarında nisbətən daha çox yayılıb. Onun dediyinə görə, hər il 200-ə qədər həkim dağınıq skleroz xəstəliyinin diaqnostikası, müalicə və reabilitasiyası barədə mühazirə, seminar və praktik məşğələlərdə iştirak edib. Həmçinin, Nevroloqların Milli Assosiasiyası Türkiyənin aparıcı mütəxəssislərinin iştirakı ilə “Avonex” preparatının inyeksiya metodikası ilə əlaqədar təlim kursu keçdiyi barədə də məlumat verilib. Xəstəliyin müalicəsində müasir üsulların tətbiqi ilə əlaqədar ayrı-ayrı ölkələrdə treninq və kurslarda ölkə həkimlərinin iştirakı təmin edilir.
Kliniki Xəstəxananın II sinir xəstəlikləri şöbəsinin müdiri Xanlar Həsənov dağınıq skleroz xəstəliyinin müasir diaqnostik aparatlar vasitəsilə erkən mərhələdə aşkar edilərək müalicəyə cəlb olunmasından və Dövlət proqramının qəbul olunduğu növbəti beş ildə də müalicə prosedurlarının davam etdiriləcəyindən bəhs edib.
Dağınıq sklerozdan müalicə olunan xəstələrdən bir neçəsi çıxış edərək həkimlərə təşəkkür və minnətdarlıqlarını çatdırıblar.