CƏMİYYƏT
Qaxda məişət zorakılığının qarşısının alınması və mübarizə yolları müzakirə edilib
![Qaxda məişət zorakılığının qarşısının alınması və mübarizə yolları müzakirə edilib](/files/2022/2/1200x630/16548554023627053743_1200x630.jpg)
Bakı, 10 iyun, AZƏRTAC
Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020-2023-cü illər üzrə Milli Fəaliyyət Planı çərçivəsində iyunun 9-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Zaqatala bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Qax Peşə Liseyində “Məişət zorakılığının qarşısının alınması, həmçinin onunla mübarizə” mövzusunda seminar-müşavirə keçirilib.
AZƏRTAC Komitənin saytına istinadla xəbər verir ki, tədbirdə DQİDK-nin əməkdaşı Tərlan Nəzərov, Qax Rayon İcra Hakimiyyəti başçısı Aparatının Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Nəsimi Razıyev, Qeydiyyat şöbəsinin rəisi Kəmalə Şükürova, liseyin nümayəndəsi Şəhla Qadaşova, müəllimlər və şagirdlər iştirak ediblər.
Çıxışlar zamanı mövzunun aktuallığından bəhs edilib, ailə dəyərlərinin möhkəmləndirilməsi, qadın və uşaq hüquqlarının qorunmasının dövlətin prioritet istiqamətlərindən olduğu vurğulanıb. Cəmiyyətdə yüksək mədəniyyətə və qarşılıqlı hörmətə əsaslanan ailə münasibətlərinin təbliğinin önəmi tədbir iştirakçılarının diqqətinə çatdırılıb.
Seminar diskussiya şəklində davam etdirilib, iştirakçıların sualları cavablandırılıb.