Qaxın İlisu kəndinə 15 santimetrdən çox qar yağıb
Qax, 19 yanvar, Mustafa Dadaşov, AZƏRTAC
Azərbaycanın şimal-qərb bölgəsi rayonlarında qeyri-sabit hava şəraiti hökm sürür. Havanın temperaturu xeyli aşağı düşüb. Yanvarın 19-u gecə saatlarından başlayaraq bölgənin dağlıq və dağətəyi ərazilərinə qar yağıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Qax rayonunun dağlıq ərazisində yerləşən İlisu kəndində hazırda qar örtüyünün hündürlüyü 15-20 santimetr təşkil edir. Yağan qar sakinlər üçün heç bir problem yaratmayıb. Kəndin elektrik enerjisi və təbii qazla təchizatı normal qaydada davam edir.
Avtomobil Yolları Dövlət Agentliyinin 13 nömrəli “Yol İstismar” MMC tərəfindən görülmüş tədbirlər nəticəsində Qax-İlisu avtomobil yolunda, eləcə də kənd daxilində nəqliyyatın hərəkətində heç bir çətinlik yaranmayıb. Yollara duz və qum qarışığı səpilib.