QAZAXDA AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİNİN 90 İLLİK YUBİLEYİ İLƏ BAĞLI SİLSİLƏ TƏDBİRLƏR KEÇİRİLİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Azərbaycan Xalq Cümhuriyyətinin 90 illik yubileyi ilə əlaqədar Qazax Rayon Mədəniyyət və Turizm Şöbəsində geniş tədbirlər planı hazırlanmışdır.
Geniş və əhatəli, hər bir rayonun ictimai-siyasi həyatında yaddaqalan hadisəyə çevriləcək həmin tədbirlərin icrasına başlanmışdır. Mərkəzləşdirilmiş kitabxana sistemində yubileyə həsr olunmuş sərgilər təşkil olunmuş və oxucu konfransları keçirilmişdir. Tarix diyarşünaslıq muzeyində Şərqdə ilk demokratik respublikanın qurucularının fotosərgisi təşkil olunmuşdur.
Bundan əlavə, rəsm qalereyasında cümhuriyyətin 90 illik yubileyi ilə bağlı «Gözəl Vətənim Azərbaycan» mövzusunda uşaqların əl işlərindən ibarət rəsm əsərlərinin sərgisi açılmışdır. Mayın 27-də isə bədii özfəaliyyət kollektivlərinin iştirakı ilə təntənəli yubiley konserti olacaqdır.