Qazaxda Xocalı soyqırımı qurbanlarının xatirəsi ehtiramla yad edilib
Qazax, 27 fevral, AZƏRTAC
Xocalı soyqırımının 24-cü ildönümü əlaqədar respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da bir sıra silsilə tədbirlər keçirilib.
Rayonun bütün yaşayış məntəqələrində, idarə, müəssisə və təşkilatlarında Xocalı qurbanlarının xatirəsi anılıb, təhsil, səhiyyə və mədəniyyət müəssisələrində faciəyə həsr edilən foto, rəsm, şeir və inşa yazı müsabiqələri, ali və orta ixtisas təhsil müəssisələrində elmi-praktik konfranslar keçirilib.
AZƏRTAC xəbər verir ki, fevralın 26-da isə rayonun bütün yaşayış məntəqələrində Azərbaycanın dövlət bayraqları endirilib və soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirlər çərçivəsində Şəhidlər Xiyabanında şəhidlərin xatirəsinə ucaldılmış abidə önündə Xocalı soyqırımının 24-cü ildönümü münasibətilə anım mərasimi keçirilib. Rayon rəhbərliyi, hərbi hissələrin və hüquq mühafizə orqanlarının şəxsi heyyəti və əməkdaşları, çoxsaylı əmək kollektivləri, müharibə və əmək veteranları və gənclər abidə önünə tər çiçək dəstələri düzərək soyqırımı qurbanlarının xatirəsini ehtiramla yad ediblər.
Qazax şəhərində və rayonun kəndlərində olan məscidlərdə Xocalı soyqırımı qurbanlarının xatirəsinə dualar oxunub, gün ərzində insanlar Şəhidlər Xiyabanına gələrək faciə qurbanlarının xatirəsini anıblar.
Rayon Mədəniyyət Mərkəzində Xocalı soyqırımının 24-cü ildönümünə həsr olunmuş, yazıçı-dramaturq Hüseynbala Mirələmovun eyniadlı pyesi əsasında hazırlanmış “Xəcalət” tamaşası nümayiş etdirilib.