İDMAN
Qazaxıstan gimnastları: Bakıya səfərdən və yarışlarda iştirak etməkdən müsbət emosiya alırıq
![Qazaxıstan gimnastları: Bakıya səfərdən və yarışlarda iştirak etməkdən müsbət emosiya alırıq](/files/2022/1/1200x630/164648003211870621_1200x630.jpg)
Bakı, 5 mart, AZƏRTAC
Milli Gimnastika Arenası heyranlıq hissi doğurur.
AZƏRTAC xəbər verir ki, bunu Bakıda keçirilən akrobatika gimnastikası üzrə 12-ci dünya yaş qrupları yarışlarının iştirakçıları, Qazaxıstan təmsilçiləri Anjelika Boboşko və Valeriya Muravkina deyiblər.
Bildiriblər ki, Bakıya səfərdən və yarışlarda iştirak etməkdən müsbət emosiya alırıq. Bakıdakı gimnastika arenası, onun gözəlliyi və parlaq zalı heyranlıq doğurur. Etiraf edirik ki, biz bu cür böyük zalda çıxış etməyə öyrəşməmişik, amma həyəcanın öhdəsindən gəlib yaxşı çıxış edə bildik. Yarışların başlamasınadək bizim beş məşq prosesimiz oldu. Bu, zala uyğunlaşmağa və öyrəşməyə kifayət etdi.
Martın 6-dək davam edəcək yarışda 24 ölkədən 438 gimnast iştirak edir.
Turnirdə idmançılar 12-18 və 13-19 yaş qrupları üzrə kişi cütlükləri, qadın cütlükləri, qarışıq cütlüklər, kişi qrupları, qadın qrupları balans, temp və qarışıq hərəkətlər proqramında qüvvələrini sınayırlar.
Yarışda Azərbaycanı 12-18 yaş kateqoriyasında Rəsul Seyidli, Rəvan Zeynallıdan ibarət kişi cütlüyü, Nəzrin Qasımova, Xanım Məmmədzadədən ibarət qadın cütlüyü, Milana Əliyeva, Nizam Xamidulindən ibarət qarışıq cütlük, Anahita Bashiri, Zəhra Rəşidova, Nəzrin Zeyniyevadan ibarət qadın qrupu və 13-19 yaş kateqoriyasında Leyla Bəşirova, Nəzrin Fərmanova, Mənsumə Məmmədzadədən ibarət qadın qrupu təmsil edirlər.