DÜNYA
Qazaxıstan Prezidentinə yeni neft marşrutları barədə məlumat verilib
Bakı, 31 yanvar, AZƏRTAC
“KazMunayQaz” SC İdarə Heyətinin sədri Maqzum Mirzəqaliyev Qazaxıstan Prezidenti Kasım- Jomart Tokayevə qazax neftinin dünya bazarlarına çıxarılması üzrə marşrutların artırılması barədə məlumat verib.
AZƏRTAC “Kazinform” agentliyinə istinadla xəbər verir ki, Prezident Tokayevə Qazaxıstan neftinin ixrac marşrutlarının inkişafı, xüsusən, ötən il Almaniyaya və Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə Azərbaycan istiqamətində xam neftin tədarükünə başlanılması, Birləşmiş Ərəb Əmirliklərindən olan tərəfdaşlarla birgə tanker parkının genişləndirilməsi barədə məlumat verilib.
“KazMunayQaz”ın rəhbəri, həmçinin əmtəəlik qaz hasilatının artırılması və neft məhsulları ilə daxili bazarın fasiləsiz təchizatının təmin olunması, investisiyaların cəlb edilməsi və neft-kimya layihələrinin inkişafı ilə bağlı dövlət başçısının verdiyi tapşırıqların icrasına dair hesabat təqdim edib. Bununla yanaşı, Maqzum Mirzəqaliyev Xəzər dənizinin Qazaxıstan sektorunda “Kalamkas-Dəniz, Xəzər, Auezov” dəniz layihəsinin icrası və milli şirkətin geoloji-kəşfiyyat proqramı üzrə işlərin gedişindən də danışıb.
Müşavirənin sonunda Qazaxıstanın dövlət başçısı investisiya layihələrinin həyata keçirilməsi, karbohidrogen ixrac marşrutlarının sabitliyinin qorunması və geoloji kəşfiyyat işlərinin miqyasının genişləndirilməsi ilə bağlı bir sıra tapşırıqlar verib. Prezident milli şirkətin fəaliyyətinin neft-kimya sənayesinin inkişafına yönəldilməsinin vacibliyini qeyd edib.