QAZAXISTANIN “XƏBƏR” İNFORMASİYA AGENTLİYİ DİREKTORLAR ŞURASININ SƏDRİ DARİQƏ NAZARBAYEVANIN ÇIXIŞI
Gördüklərimizin hamısı sübut edir ki, Azərbaycan demokratik yolla inkişafdadır, siyasi sistemin demokratikləşdirilməsi nəticəsində böyük uğurlara nail olmuşdur, ölkədə demokratik mətbuatın inkişafına böyük əhəmiyyət verilir.
Mən bu ailəni çox sevirəm və indi sizə bir əhvalat danışacağam. Mənim ailəmin Heydər Əliyeviçin ailəsi ilə qarşılıqlı münasibətləri qeyri-adi tərzdə yaranmışdır. Heydər Əliyeviç SSRİ Nazirlər Soveti sədrinin birinci müavini işləyərkən mən ailəmlə birlikdə Moskvada yaşayırdım və aspiranturada oxuyurdum. Bu yaxınlarda məni nənə edən böyük oğlum Nazirlər Sovetinin uşaq bağçasına gedirdi. Ərimin familiyası isə Əliyevdir. Oğlum bağçaya getdiyi günün ertəsi orada qara kürü istəyir. Axşam mən onu aparmağa gələndə tərbiyəçi qadın çox üzrxahlıqla dedi: “Mən çox təəssüf edirəm, bizim bağçada qara kürü olmur”. Oğluma belə xoş münasibətdən çox təəccübləndim və soruşdum ki, nə olub. Sonra məlum oldu, onlar elə düşünürdülər ki, mənim oğlum Heydər Əliyeviçin nəvəsidir. Mən onların zənnində yanıldıqlarını demək istəmədim. Fikirləşdim ki, qoy, onu Heydər Əliyeviçin nəvəsi bilsinlər. Hər halda, pis olmaz.
Hazırda Azərbaycan yüksəliş dövrünü yaşayır. Bütün əlamətlər göz qabağındadır. Əgər yollarda böyük avtomobil tıxaclarına, çox sayda yeni-yeni gözəl evlər tikildiyinə diqqət yetirsək, onda görərik ki, bütün istiqamətlərdə inkişaf var.
Oktyabrın 15-də Azərbaycanda prezident seçkiləri keçiriləcəkdir. Mən böyük hörmət bəslədiyimiz Heydər Əliyeviçin ailəsinə qətiyyətli və gözəl qələbə arzulayıram. Gəlin, bunun şərəfinə badə qaldıraq!