Qazi Universitetinin tələbələrinə Heydər Əliyevin dövlətçilik irsi barədə danışılıb
Bakı, 11 may, AZƏRTAC
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunan “Yay məktəbi – Bakı” proqramı çərçivəsində Qazi Universitetinin Azərbaycan türkçəsi Tədris Ocağının tələbələri “Modern İnkişaf və Ailə” İctimai Birliyində olublar.
AZƏRTAC xəbər verir ki, görüş zamanı birliyin sədri Zərifə Quliyeva tələbələr üçün seminar keçərək Heydər Əliyevin dövlətçilik irsi, Azərbaycan-Türkiyə qardaşlığı və “Bir millət, iki dövlət” fəlsəfəsi ilə bağlı mülahizələrini bölüşüb. O vurğulayıb ki, Ulu Öndərin ideyalarının gənc nəslə aşılanması və Azərbaycan dilinin, mədəniyyətinin tanıdılması baxımından bu cür layihələr mühüm əhəmiyyət daşıyır.
Tədbirdə Azərbaycan-Türkiyə əlaqələrinin inkişafında gənclərin rolu, ortaq mədəni dəyərlər və Azərbaycan dilinə artan maraq ətrafında fikir mübadiləsi aparılıb. Qazi Universitetinin Azərbaycan Türkçəsi Tədris Ocağının rəhbəri Dr. Şəhla İbişova proqramın məqsədi və həyata keçirilən layihələr barədə məlumat verib.
Görüş interaktiv müzakirələrlə davam edib, tələbələrin sualları cavablandırılıb. Proqram çərçivəsində iştirakçıların Bakının tarixi-mədəni məkanlarını ziyarət etdiyi və “Heydər Əliyev və Türkçülük” mövzusunda konfransda iştirak etdiyi də qeyd olunub.