AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Türkiyənin Qaziantəp şəhərindəki Heydər Əliyev adına orta məktəbdə yeni dərs ilinin başlanması münasibətilə təntənəli mərasim keçirilmişdir. Məktəbin direktoru Əli Özdəmir, Qaziantəp valisi Lütfüllah Bilgin mərasimdə çıxış edərək bildirmişlər ki, bu təhsil ocağının türk dünyasının böyük oğlu, ulu öndər Heydər Əliyevin adını daşımasından böyük şərəf və qürur duyurlar. Harada yaşadığından asılı olmayaraq, bütün türklərin qəlbində Heydər Əliyev adının xüsusi yeri vardır. Zəmanəmizin böyük siyasi xadiminin türk dünyası qarşısında əvəzsiz xidmətləri olmuşdur. Azərbaycanda həyata keçirilən hər bir böyük layihədə onun imzası, əməyi, alın təri vardır. O, Azərbaycana demokratiya, sabitlik, tərəqqi toxumları əkmişdir. Bunların səfasını isə gələcək nəsillər görəcəklər. Türkiyədə zərb-məsəl olan “Biz bir millət, iki dövlətik!” ifadəsi, dost və qardaş ölkələrimiz arasındakı münasibətlərin əbədiliyini bildirir.
Azərbaycanın Türkiyədəki səfiri Məmməd Əliyev çıxışında ümummilli lider Heydər Əliyevin təhsilə, elmə, müəllim peşəsinə daim yüksək qiymət verdiyini vurğulamış, ulu öndərin adını daşıyan məktəbin şagirdlərinin dərslərində uğur qazanacaqlarına ümidvar olduğunu söyləmişdir.
Mərasimdə Türkiyənin və Azərbaycanın dövlət himnləri səsləndirilmişdir. Sonra qonaqlar məktəbi gəzmiş, şagirdlərin yaratdıqları Heydər Əliyev guşəsi ilə tanış olmuşlar.
Yeni dərs ilinin başlanması ilə əlaqədar məktəbə həm Azərbaycan səfirliyi, həm də türk iş adamlarının töhfəsi olan kompüterlər, televizorlar, faks və telefon aparatları, şagirdlər üçün dərs ləvazimatı, idman formaları, habelə, Azərbaycan rəssamlarının əsərləri, Azərbaycan bayraqları hədiyyə edilmişdir.