Qazilər həyatla mübarizədə yeni zəfərlərə imza atırlar – ƏƏSMN videoçarx hazırlayıb
Bakı, 21 iyul, AZƏRTAC
Tarixi Zəfərimizlə başa çatan Vətən müharibəsində yaralanmış hərbçilərlə bağlı ötən dövrdə aparılan kompleks reabilitasiya işləri artıq onlardan bir çoxunun sağlamlığının bərpasına imkan verib. Postmüharibə dövrünün ilk günlərindən onlar son illər müasir tələblərə uyğun qurularaq təchiz edilmiş reabilitasiya müəssisələrində davamlı bərpa müalicəsi kurslarına cəlb olunublar. Bu sahədə peşəkar həkim komandasının səyləri səfərbər edilib, yeni və effektiv reabilitasiya metodlarından, son texnoloji yeniliklərdən istifadə olunub.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, son vaxtlar reabilitasiya kurslarını başa vuran qazilərlə bağlı aparılan həkim müayinələri onlardan mühüm bir hissəsinin davamlı müalicə işləri nəticəsində artıq sağlamlıqlarına qovuşduqlarını və əlilliklərini geridə qoyduqlarını göstərir.
Eyni zamanda, müharibədən sonrakı zaman da onların yaralarının tədricən sağalmasına öz təsirini göstərib.
Vaxtilə əlillik vəziyyətində olsalar da, bir çox qazilərin artıq yenidən əvvəlki gümrahlıqlarına, güclərinə sahib olduqlarını görmək fərəhli mənzərədir.
ƏƏSMN bu mövzuda videoçarx hazırlayıb. Həmin videoçarxla linkdə tanış ola bilərsiniz.