İQTİSADİYYAT
Qəbələ lift zavodu xarici ölkələrlə əlaqələrini genişləndirir
Qəbələ, 22 aprel (AZƏRTAC). “Gilan-Lift” MMC-nin Qəbələ lift istehsalı sahəsi qısa müddətdə yerli bazarda kifayət qədər tanınmış və xarici ölkələrlə əlaqələrini genişləndirmişdir. Artıq bu müəssisənin istehsalı olan liftlər xarici ölkələrə də ixrac edilir.
AZƏRTAC xəbər verir ki, zavod öz liftlərini Ukraynanın Suma şəhərinə ixrac etməklə Azərbaycanın yeni bir sənaye məhsulunu dost ölkənin bazarında sertifikatlaşdırmışdır. Hazırda sərnişin, yük və xəstəxana liftlərinin ixracı ilə bağlı Gürcüstan, Ukrayna və Özbəkistanın tikinti şirkətləri ilə əməkdaşlıq edilir, yeni müqavilələrin bağlanması məqsədi ilə danışıqlar aparılır.
Prezident İlham Əliyevin 2008-ci ildə Qəbələyə səfəri zamanı onun xeyir-duası ilə fəaliyyətə başlayan və respublikanın ilk lift zavodu olan bu müəssisənin açılması həm də zərurətdən irəli gəlmişdir. Son illər ölkədə hündürmərtəbəli yaşayış binalarının, otellərin, inzibati binaların inşasının kütləviləşməsi yerli bazarda liftə tələbatı artırmışdır.
İldə 500-700 lift istehsal etmək imkanına malik olan və 115 nəfər yerli mütəxəssisin çalışdığı zavodda mexaniki, kabinə yığımı, boya və qablama sexləri fəaliyyət göstərir. Buraxıldığı gündən avadanlığın keyfiyyətinə 1 il 6 ay müddətinə təminat verən zavodda Türkiyə istehsalı olan avadanlıqlar quraşdırılmışdır.
Almaniyanın “Kleemann”, İtaliyanın “Alberto Şassi”, Türkiyənin “Üstübeç Asansör”, “Fupa Asansör”, “Zorlu Asansör” və Belarusun “Maqilyevlift” zavodu ilə sıx əməkdaşlıq edən Qəbələ lift zavodu lift istehsalı üçün İtaliyadan bucurqad, Almaniyadan hidrovlik lift, Türkiyədən idarəetmə şkafları, istiqamətləndirici relslər, çöl və iç düymələri, mexanizmlər, Belarusdan bucurqad, qapı və kabin mexanizmləri və digər komplektləşdirici hissələr idxal edir.
Burada 400 və 630 kiloqram, 1 ton yükqaldırma qabiliyyəti olan sərnişin liftləri, 500 kiloqram yükqaldırma qabiliyyəti olan xəstəxana liftləri və 2,5 ton yükqaldırma imkanına malik olan yük liftləri istehsal edilir. Son bir ildə müəssisədə 118 ədəd sərnişin və yük liftləri istehsal olunmuşdur. Ötən 4 ildə sifarişə uyğun olaraq 564 ədəd lift istehsal edərək quraşdıran zavod özəl şirkətlərlə yanaşı, dövlət mənzil fondunun sifarişlərini də icra edir.
“Şəhər və rayon mərkəzlərində olan binalarda lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 23 dekabr tarixli Sərəncamını rəhbər tutan “Gilan-Lift” MMC-nin Qəbələ lift istehsalı sahəsi Bakıda 120, Sumqayıtda 41, Gəncədə 10 ədəd yeni sərnişin lifti quraşdırmış və bu şəhərlərdə 20 lifti əsaslı təmir etmişdir.