Qəbələ və Koreya Respublikasının Qyonqcu şəhərləri arasında dostluq əlaqələri genişlənir
Qəbələ, 16 noyabr, Mustafa Dadaşov, AZƏRTAC
Noyabrın 16-da Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı ilə Koreya Respublikasının Qyonqcu şəhərinin meri arasında onlayn görüş keçirilib.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Qəbələ Rayon İcra Hakimiyyətindən məlumat verilib.
Görüşdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Səbuhi Abdullayev Azərbaycanın artıq bütün dünyada öz sözünü deməyə qadir olan, istər sosial-iqtisadi sahədə, istərsə də hərb sahəsində uğurlar əldə etmiş bir ölkəyə çevrildiyini bildirib, bu nailiyyətlərin qazanılmasının ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi inkişaf xəttinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin məntiqi nəticəsi olduğunu vurğulayıb.
Onlayn görüşdə 2015-ci il avqustun 20-də Qəbələ və Qyonqcu şəhərləri arasında “Dostluq münasibətlərinin qurulması haqqında” Sazişin imzalanmasının ölkələrimiz arasında mədəni, idman, turizm, iqtisadi və digər sahələrdə əməkdaşlığın daha da dərinləşdirilməsinə öz töhfəsini verdiyi qeyd olunub. Görüşdə, həmçinin Qyonqcu və Qəbələ şəhərləri arasında gələcək əməkdaşlıq üçün arxeoloji, turizm, təhsil sahələrində əlaqələrin artırılması, gələn il Azərbaycan və Koreya arasında diplomatik əlaqələrin yaradılmasının 30 illiyi ilə bağlı qarşılıqlı tədbirlərin keçirilməsi müzakirə edilib.
Sonda 2025-ci il iyulun 6-da keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatına (APEC) üzv dövlətlərin görüşünə ev sahibliyi etmək üçün Qyonqcu şəhərinin namizədliyinin Qəbələ Rayon İcra Hakimiyyəti tərəfindən dəstəkləndiyi bildirilib, bu istiqamətdə dost şəhərin rəhbərliyinə uğurlar arzulanıb.
Onlayn görüşdə SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının əməkdaşları İrina Zeynalova və İradə Nəcəfova da iştirak ediblər.