Qəbələdə 23 uşaq bağçası fəaliyyətini yenidən davam etdirəcək
Qəbələ, 13 fevral, Mustafa Dadaşov, AZƏRTAC
Ölkəmizdə koronavirus pandemiyasına qarşı aparılan tədbirlər nəticəsində sanitar vəziyyətin yaxşılaşması ilə əlaqədar Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkili ilə bağlı əlavə tədbirlər barədə” 2021-ci il 22 yanvar tarixli qərarına uyğun olaraq fevralın 15-dən bütün məktəbəqədər təhsil müəssisələri fəaliyyətlərini davam etdirəcək. Bununla əlaqədar Qəbələ rayonunda da zəruri hazırlıq tədbirləri həyata keçirilir.
Qəbələ Rayon İcra Hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, rayonda 820 yerlik 23 uşaq bağçası var. Fevralın 15-dən onların hər birinin fəaliyyəti ancaq müvafiq sanitar-gigiyenik normalara əməl edilməklə təmin olunacaq. Fəaliyyətə başlamaları ilə əlaqədar bütün uşaq bağçalarında zəruri dezinfeksiya işləri aparılıb, bina və həyətlərdə geniş təmizlik, tibbi-profilaktik işlər görülüb. Uşaq bağçalarının tərbiyəçiləri və texniki işçiləri hazırkı şəraitdə işləmək qaydaları barədə təlimatlandırılıb. Bütün uşaq bağçaları tibbi maskalar, əlcəklər, hərarət ölçən aparatlar, dezinfeksiya məhlulları ilə təmin edilib.