Qəbələdə 28 May - Müstəqillik Gününə həsr edilən intellektual oyunun qalibləri mükafatlandırılıb
Qəbələ, 26 may, AZƏRTAC
Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsi, Qəbələ rayon Təhsil sektoru, Qəbələ rayon Mədəniyyət Mərkəzi və Gənclərin İnkişaf və Karyera Mərkəzinin rayon bölməsinin birgə təşkilatçılığı ilə Qəbələ Mədəniyyət Mərkəzində “Nə? Harada? Nə zaman?” intellektual oyunu keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, məktəblilər arasında intellektual biliklərin artırılması, onların dünyagörüşünün genişləndirilməsi, asudə vaxtlarının səmərəli təşkili, komandalararası dostluq münasibətlərinin möhkəmləndirilməsi və sağlam rəqabət mühitinin formalaşdırılması məqsədilə təşkil olunan yarışların yarımfinal mərhələsində 7 zona üzrə 54 ümumtəhsil məktəbindən 270 şagird sinxron şəkildə mübarizə aparıb. Onlardan ən çox düzgün cavab verən 12 komanda final mərhələsinə vəsiqə qazanıb.
Final mərhələsində vəsiqə qazanan 12 komanda gərgin mübarizə şəraitində bilik və bacarıqlarını nümayiş etdirib. Yarışların nəticələrinə görə I yeri Qəbələ şəhər 5 nömrəli tam orta məktəb, II yeri Qəbələ şəhər 4 nömrəli tam orta məktəb, III yeri isə Vəndam qəsəbə 1 nömrəli tam orta məktəbin komandası tutub.
Qalib komandalar Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin kubok, medal, diplom və qiymətli hədiyyələri ilə mükafatlandırılıb.
Müxbir - Rasim İslamoğlu