Qəbələdə Karvansaray otel kompleksi tikilir
Qəbələ, 10 sentyabrı (AZƏRTAC). Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 10-da Qəbələdə Karvansaray otel kompleksinin tikintisinin gedişi ilə tanış olmuşdur.
Dövlətimizin başçısı kompleksin texniki göstəricilərini əks etdirən stendlərə baxdı.
Məlumat verildi ki, ümumi sahəsi 19 min 700 kvadratmetr olan kompleksdə 450 nəfərlik restoran, trenajor, fitnes zalları fəaliyyət göstərəcəkdir. Burada, həmçinin hovuz, fəvvarələr kompleksi, avtomobil dayanacağı, qonaqların istirahətini yüksək səviyyədə təşkil etmək üçün hər cür avadanlıqla təchiz olunan müxtəlif idman zalları yaradılacaqdır. Gözəl dizayn və interyeri ilə seçiləcək otaqlarda son dövrdə böyük turist axını müşahidə edilən Qəbələnin qonaqlarına yüksək səviyyəli xidmət göstəriləcəkdir. Bir hissəsi üç, digər hissəsi isə dörd mərtəbədən ibarət olacaq kompleksin tikintisinin gələn ilin birinci yarısında başa çatdırılması nəzərdə tutulmuşdur.
Dövlətimizin başçısı müvafiq tapşırıq və tövsiyələrini verdi.