REGİONLAR
Qəbələdə sənaye məhsulu istehsalı 31,5 faiz artıb

Qəbələ, 22 iyul, Mustafa Dadaşov, AZƏRTAC
Bu ilin birinci yarısında Qəbələ rayonunda fəaliyyət göstərən sənaye müəssisələri tərəfindən faktiki qiymətlərlə 63 milyon 979,8 min manatlıq məhsul istehsal olunub. Sənayedə məhsul istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 31,5 faiz və ya 15 milyon 329,9 min manat artıb. İstehsal olunan sənaye məhsulunun 6 faizi dövlət, 94 faizi qeyri-dövlət sektorunun payına düşür.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Qəbələ Rayon Statistika İdarəsindən məlumat verilib.
İdarənin rəisi Ayaz İsgəndərovun sözlərinə görə, Qəbələ rayonunun sənayesi əsasən, qida məhsulları və tikinti materiallarının istehsalı, elektrik enerjisi və qazın bölüşdürülməsi və təchizatı, suyun təmizlənməsi və paylanması sahələrini əhatə edir.
Altı ayda rayonda 2 milyon 979,1 min manatlıq sənaye məhsulu ixrac olunub. İxrac ötən ilin eyni dövrü ilə müqayisədə 11,3 faiz və ya 302 min manat artıb.