REGİONLAR
Qəbələdə Zəfər Gününə həsr olunmuş basketbol turniri keçirilib
Qəbələ, 1 noyabr, Mustafa Dadaşov, AZƏRTAC
Qəbələdə Zəfər Gününə həsr olunmuş gənclərdən ibarət komandalar arasında basketbol idman növü üzrə rayon turniri keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı, Qəbələ rayon Təhsil Sektorunun dəstəyi ilə keçirilən turnir Vətən müharibəsində xalqımıza Qələbə sevinci bəxş etmiş şəhidlərin xatirəsini əbədiləşdirmək, həmçinin basketbol idman növünü gənclər arasında təbliğ etmək və kütləviliyini artırmaq məqsədi daşıyıb.
Qəbələ şəhər 5 saylı tam orta məktəbin idman zalında keçirilən turnirin açılış mərasiminin əvvəlində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Çıxışlarda Vətən müharibəsindən və Zəfər Günün əhəmiyyətindən danışılıb.
Turnirin nəticələrinə əsasən, Qəbələ şəhər 1 saylı tam orta məktəbin komandası yarışın qalibi adını qazanıb. Şəhər 5 və 4 saylı tam orta məktəblərin komandaları müvafiq olaraq ikinci və üçüncü yerləri tutublar.
Qaliblərə kubok və diplomlar təqdim olunub.