Qəbul imtahanlarında yüksək nəticə göstərən bərdəli gənclər mükafatlandırılıb





Bərdə, 15 sentyabr, AZƏRTAC
Bu il Bərdə rayonunun orta ümumtəhsil məktəblərini bitirən 1258 nəfər məzundan 783 nəfəri ali məktəblərə qəbul olmaq üçün sənəd verib, 583 nəfər keçid balı toplayaraq ali məktəblərə qəbul olmaq hüququ qazanıb. Qəbul imtahanlarında məzunlardan 68 nəfəri 500-dən, 17 nəfəri isə 600-dən çox bal toplayıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu faktlar Yeni Azərbaycan Partiyası (YAP) Bərdə Rayon Təşkilatında bu il ali məktəblərə keçirilən qəbul imtahanlarında yüksək nəticələr göstərən gənclərlə keçirilən onlayn görüşdə səsləndirilib.
YAP rayon təşkilatının sədri Fəqət Şadlinskaya gəncləri təbrik edib, təhsilin inkişafına göstərilən dövlət qayğısından, bu sahədə əldə edilən uğurlardan danışıb. Bildirib ki, respublikamızın hər yerində Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın rəhbərliyi ilə müasir məktəb binalarının tikintisi, onların maddi texniki bazasının möhkəmləndirilməsi məhz bu sahəyə olan diqqət və qayğını göstərir.
Onlayn görüşdə iştirak edən rayon Gənclər və İdman idarəsinin rəisi Hikmət Ələkbərli, YAP Bərdə rayon təşkilatı Gənclər Birliyinin sədri Elşən Məmmədov, Qadınlar Şurasının sədri Xuraman Qurbanova, Bərdə Gənclərin İnkişaf və Karyera Mərkəzinin direktoru Şəmsiyyə Abbaszadə, Bərdə regional “ASAN xidmət” mərkəzinin könüllülər üzrə məsul şəxsi Şamxal Yaqubov, partiya fəalı Aydın Qasımov və başqaları çıxış edərək gəncləri təbrik edib, xoş arzularını çatdırıblar.
Gənclər göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirib, onlar üçün yaradılan şəraitdən lazımınca yararlanaraq, ölkəmiz üçün savadlı mütəxəssis kimi yetişəcəklərinə söz veriblər.
YAP rayon təşkilatında yüksək bal toplayan məzunlara hədiyyələr təqdim edilib. Milli Məclisin deputatı Fatma Yıldırım əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan dövlət təhsil və gənclər siyasətinin bu gün dövlətimizin başçısı İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirildiyini, aparılan islahatların kökündə insan amili dayandığını və bu kontekstdə güclü kadrlara olan tələbatın bir zərurətə çevrildiyini bildirib, gənclərə şəxsi həyatlarında və təhsildə uğurlar diləyib.