Qəhrəman hərbçilərimizin sosial rifahının təminatı daim xüsusi diqqət mərkəzində saxlanılır – ŞƏRH
Bakı, 22 sentyabr, AZƏRTAC
Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə tarixi Zəfərə imza atmış Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən biri olaraq qalır. Qalib Ordumuzun davamlı olaraq gücləndirilməsi və qəhrəman hərbçilərimizin sosial rifahının təminatı daim xüsusi diqqət mərkəzində saxlanılır. Dövlətin atdığı növbəti strateji addım əhalimiz, xüsusilə hərbi qulluqçular tərəfindən böyük rəğbət və razılıqla qarşılanacaq yeni sosial islahat paketidir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov deyib.
O bildirib ki, həyata keçirilən yeni islahat çərçivəsində Müdafiə Nazirliyinin hərbi qulluqçularının əməkhaqları orta hesabla 22,8 faiz artırılacaq, bu məqsədlə büdcədən illik əlavə olaraq 550 milyon manat vəsait ayrılacaq. İslahat tədbirləri əməyin ödənişi sisteminin beynəlxalq standartlara və qabaqcıl dünya təcrübəsinə uyğunlaşdırılmasını nəzərdə tutur. Çoxsaylı əlavələr və birdəfəlik ödənişlər ləğv edilərək vəzifə maaşı rütbə maaşı ilə əvəzlənəcək və əməkhaqqında rütbə maaşının həcmi 70 faizə çatdırılacaq. Bu addım hərbi xidmətin əmək bazarında rəqabət qabiliyyətini artıraraq peşəkar kadrların uzunmüddətli fəaliyyətini stimullaşdıracaq.
"Yeni sosial islahat hərbçilərin, eləcə də dövlət qulluqçuları və digər müvafiq kateqoriyaların pensiya təminatı mexanizminin əsaslı şəkildə təkmilləşdirilməsini ehtiva edir. Belə ki, hərbi qulluqçuların pensiya məbləği ilə təminat xərcliyi arasındakı əlaqə aradan qaldırılaraq pensiyalar vətəndaşın fərdi şəxsi hesabında qeydə alınmış pensiya kapitalı və sabit aylıq əlavə əsasında hesablanacaq. Hər bir rütbə üzrə xidmətdə olmanın son yaş həddinin məhz pensiya yaşı kimi müəyyən edilməsi hərbçilərin daha çox xidmətdə qalaraq gələcəkdə daha yüksək pensiya kapitalı toplamasına şərait yaradacaq. Eyni zamanda, bu kateqoriyadan olan şəxslərin pensiya təyinatı bürokratik əngəllərdən azad edilərək tam elektronlaşdırılacaq", - deyə Rəşadət Xalıqov əlavə edib.
O əlavə edib ki, islahatın mühüm tərkib hissələrindən biri pensiyaların indeksasiyası sahəsində sosial ədalət prinsiplərinin bərqərar olmasıdır. Tətbiq ediləcək yeni qaydalara əsasən 2026-cı il 1 avqust tarixinə mövcud olan orta aylıq əməkhaqqına (1176,7 manat) qədər məbləğdə pensiya alan vətəndaşların, yəni ümumi pensiyaçıların 90 faizindən çoxunun pensiyalarına indeksasiya faizi tam şəkildə tətbiq olunacaq. Pensiya məbləği bundan yüksək olan təxminən 10 faizlik qrupun pensiyasının da eyni məbləğə (1176,7) qədər olan hissəsinə tam faiz tətbiq ediləcək, yalnız bu həddi aşan hissəyə 0,2-0,5 əmsalları tətbiq olunacaq. Bu diferensial yanaşma əhalinin böyük əksəriyyətinin pensiyalarının daha sürətli artımını qoruyacaq: “Optimallaşdırma tədbirləri nəticəsində formalaşan "sosial sığorta ehtiyatı" vətəndaşların, xüsusilə də həssas qrupların sosial təminatının gücləndirilməsinə yönəldiləcək. Toplanan vəsaitlər minimum pensiyaların, eləcə də əmək qabiliyyətinin müvəqqəti itirilməsinə, hamiləliyə, uşağın anadan olmasına görə verilən və dəfn üçün nəzərdə tutulan müavinətlərin davamlı artırılmasına xidmət edəcək. Xatırlamaq lazımdır ki, son illərdə dövlət tərəfindən həyata keçirilən və illik 8 milyard manat vəsaitin ayrıldığı 5 böyük sosial islahat paketi nəticəsində minimum və orta aylıq pensiyalar 3 dəfə, müavinət və təqaüdlər isə 5 dəfə artmışdır. Yeni islahat tədbirləri əhalinin sosial müdafiəsi sisteminin daha da inkişaf etdirilməsi istiqamətində məqsədyönlü dövlət siyasətinin ən mühüm təzahürüdür”.