Qida istehlakı məlumat bazasının ölkə üzrə tətbiqi üçün strategiya hazırlanacaq
Bakı, 27 fevral, AZƏRTAC
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu ölkəmizdə qida təhlükəsizliyinin və sağlam qidalanmanın təmin edilməsi istiqamətində mühüm bir layihəyə start verib. Bu çərçivədə qida istehlakı ilə bağlı məlumat bazasının yaradılması planlaşdırılır. Layihə qida təhlükəsizliyi və sağlam qidalanma sahəsində daha effektiv qərarların qəbuluna töhfə verməklə yanaşı, müasir beynəlxalq təcrübəyə uyğun strateji yanaşmanın formalaşdırılmasına da xidmət edəcək.
AZƏRTAC xəbər verir ki, bu sözləri Qida Təhlükəsizliyi İnstitutunun İdarə Heyətinin sədrinin müavini Ramazan Nəbiyev jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, ilk mərhələdə bu sahədə fəaliyyət göstərəcək ekspertlərin təlimləri təşkil ediləcək və məlumat bazasının ölkə üzrə tətbiqi üçün strategiya hazırlanacaq: “Pilot bölgə üzrə qida istehlakı ilə bağlı məlumatların toplanması və ilkin məlumat bazasının formalaşdırılması nəzərdə tutulur. Sonrakı mərhələdə isə layihənin ölkə miqyasında genişləndirilməsi və vahid məlumat bazasının yaradılması istiqamətində addımlar atılacaq. Bu layihə qida təhlükəsizliyi sahəsində mühüm bir yenilik olmaqla, Azərbaycan vətəndaşlarının daha sağlam və təhlükəsiz qidalanmasına xidmət edəcək. Layihənin gedişatı ilə bağlı ictimaiyyətə mütəmadi olaraq məlumat veriləcək”.