QİƏT ÖLKƏLƏRİNİN TƏHSİL NAZİRLƏRİ TƏHSİLLƏ BAĞLI MƏSƏLƏLƏRİ MÜZAKİRƏ ETMİŞLƏR
Əvvəlcə görüş iştirakçıları Fəxri xiyabana gələrək, xalqımızın ümummilli lideri, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin məzarını ehtiramla ziyarət etmişlər.
Respublikamızın dövlət qurumları nümayəndələrinin, ali məktəblərin rəhbərlərinin, Milli Məclisin deputatlarının, xarici ölkələrin Bakıdakı səfirlərinin də iştirak etdikləri görüşü açan Azərbaycanın təhsil naziri Misir Mərdanov Prezident İlham Əliyevin salamını onlara çatdırdı.
Təhsilimizin inkişafında ümummilli liderimiz Heydər Əliyevin əvəzsiz xidmətlərini vurğulayan nazir, respublikamızın təhsil sistemi, bu sahədə həyata keçirilən islahatlar, əldə olunan nailiyyətlər barədə geniş məlumat verdi. Bildirildi ki, hazırda ölkəmizdə 1700-ə qədər uşaq bağçası, 4500-dən çox orta ümumtəhsil məktəbi, 47 ali təhsil müəssisəsi fəaliyyət göstərir. Ali məktəblərdə 2500-dən çox əcnəbi tələbə də təhsil alır.
Dövlət büdcəsindən təhsilə ayrılan vəsait ilbəil artır, maddi-texniki baza möhkəmləndirilir, yeni dərsliklər və tədris proqramları hazırlanır.
Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev çıxışında QİƏT-in və onun qurumlarının fəaliyyətini yüksək qiymətləndirdi, üzv ölkələr arasında əməkdaşlığın daha da inkişaf edəcəyinə əminliyini vurğuladı.
Sonra QİƏT-in baş katibi Valeri Çeçelaşvili, Türkiyə milli təhsil nazirinin müavini Necat Birinci, Gürcüstanın təhsil və elm naziri Aleksandr Lomaya, Bakı Dövlət Universitetinin rektoru, AMEA-nın müxbir üzvü, Qara Dəniz Hövzəsi Universitetləri Assosiasiyasının prezidenti Abel Məhərrəmov, Rusiyanın ölkəmizdəki səfiri Nikolay Ryabov, Ukrayna təhsil və elm nazirinin müavini Vadim Stoqni, Bolqarıstan təhsil və tədqiqatlar nazirinin müavini Kamen Velev, Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov, Milli Məclisin deputatı, QİƏT Parlament Assambleyası katibliyinin nümayəndəsi Şaitdin Əliyev və üzv ölkələrin təhsil sahəsində əməkdaşlığının vacibliyindən danışdılar, bunun elm və təhsilin inkişafında mühüm rol oynayacağını bildirdilər.
Görüşdə Qara Dəniz regionunda tələbələrin mobilliyi üçün imkan yaradılması, təhsil sənədlərinin tanınması və digər məsələlər də ətraflı müzakirə olundu, təkliflər irəli sürüldü.
QİƏT üzvü olan ölkələrin təhsil nazirləri birgə Bakı bəyannaməsi qəbul etdilər.