QUAD ölkələrinin nazirləri Hind-Sakit okean hövzəsindəki vəziyyəti müzakirə ediblər
Pekin, 3 mart, AZƏRTAC
Təhlükəsizlik üzrə Dördtərəfli Dialoq (QUAD) qrupuna daxil olan ABŞ, Yaponiya, Avstraliya və Hindistanın xarici siyasət idarələrinin rəhbərləri “Böyük iyirmilik” (G20) qrupunun sammiti çərçivəsində martın 3-də Dehlidə görüşüblər.
AZƏRTAC xəbər verir ki, NHK televiziya kanalı Antoni Blinken (ABŞ), Hayaşi Yoşimasa (Yaponiya), Peni Vonq (Avstraliya) və Subrahmanyam Cayşankarın (Hindistan) görüşündə Çinin hegemonluq fəaliyyəti ilə əlaqədar bölgədə yaranmış vəziyyətin müzakirə olunduğunu bildirib. Güman olunur ki, tərəflər Rusiya-Ukrayna müharibəsi ilə bağlı vəziyyəti də müzakirə ediblər.
Qeyd edək ki, QUAD Asiya-Sakit okean regionunda və Hind okeanı zonasında qarşılıqlı fəaliyyət mexanizmi kimi 2007-ci ildə təsis edilib. 2017-ci ilin noyabrında dörd ölkə Hind-Sakit okean regionunda vacib gəmiçilik marşrutlarının təhlükəsizliyini təmin etmək strategiyası çərçivəsində yeni koalisiya formalaşdırıb. Avstraliya, ABŞ, Hindistan və Yaponiya xarici işlər nazirlərinin ilk dördtərəfli görüşü 2019-cu ilin sentyabrında Nyu-Yorkda keçirilib. 2021-ci ilin martında isə QUAD liderlərinin ilk sammiti virtual formatda baş tutub. QUAD liderlərinin ilk əyani sammiti 2021-ci ilin sentyabrında Vaşinqtonda, növbəti sammit isə ötən ilin mayında Tokioda keçirilib.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin