Quba–Qonaqkənd avtomobil yolunun genişləndirilməsi üçün 200 metr hündürlüyündə qayalar çapılır
Quba, 15 aprel, Elxan Yusifli, AZƏRTAC
Quba-Qonaqkənd avtomobil yolunun Təngəaltı kəndi ərazisində, sıldırım qayalıqlar arasından keçən hissəsinin genişləndirilməsi işləri xüsusi karantin rejimin təlimatlarına uyğun olaraq davam etdirilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yolun genişləndirilməsi işləri Quba-Qonaqkənd yolunun 29-30-cu kilometrlik hissəsini əhatə edir. Çayda bənd vurulması və qayaların çapılması hesabına yolun hərəkət hissəsinin 4-5 metrdən 7-12 metrə kimi genişləndirilməsi nəzərdə tutulub.
Turistlərin “Təngə dərəsi” kimi tanıdığı ərazidə, Vəlvələçayın kənarında qurulan dəmir-beton konstruksiyalı bəndin uzunluğu 150, hündürlüyü isə 12 metr olacaq.
Hazırda hündürlüyü 200 metrdən yüksək olan nəhəng qayanın çapılması işləri davam etdirilir. Tikinti işlərinə 5 texnika və məhdud sayda canlı qüvvə cəlb edilib. Xüsusi texnikanın köməyi ilə bir kilometr məsafədə aparılan çapma işinin 700 metrlik hissəsi yekunlaşıb. Yolun genişləndirilməsinin may ayının sonuna kimi başa çatması nəzərdə tutulub.
Qayalıq ərazidən keçən yolun genişləndirilməsi 60-dan çox kəndin sakinlərinin rahat gediş-gəlişini təmin etməklə yanaşı, avtoqəzaların qarşısını da alacaq. Yolun genişləndirilməsi işləri yekunlaşandan sonra əraziyə asfalt döşənəcək. Yoldan gecə saatlarında da rahat istifadə edilməsi üçün işıqlandırma sistemləri quraşdırılacaq. Bundan başqa, Vəlvələçayın üzərində təbiət mənzərələrini seyr etmək üçün xüsusi səkilərin inşası da nəzərdə tutulub.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən tikintisi aparılan Quba-Qonaqkənd avtomobil yolu rayonda 68 min nəfər əhalinin yaşadığı 66 yaşayış məntəqəsini birləşdirir. Amsar, Nügədi, Püstəqasım, Qam-qam, Təngəaltı və başqa yaşayış məntəqələrindən keçən 46 kilometrlik yolun yenidən qurulması həm də onların tədarük etdikləri kənd təsərrüfatı məhsullarını və meyvə-tərəvəzi qısa vaxtda istədikləri ünvanlara çatdırmağa imkan yaradacaq. Tikintisi başa çatmaq üzrə olan yolun inşası Qubada turizmin inkişafına da təkan verəcək.