CƏMİYYƏT
Quba rayonunda avtomobil oğurlayan keçmiş məhkum yaxalanıb
Bakı, 18 fevral, AZƏRTAC
Quba rayonunda avtomobil oğurlayan keçmiş məhkum yaxalanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinə şəhər sakini S.Dadaşova məxsus “VAZ-2107” markalı avtomobilin fevralın 16-da saat 16 radələrində Aşağı Atuc kəndi ərazisindən qaçırılması barədə məlumat verilib.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin avtomobillə Xaçmaz şəhəri ərazisində yol-nəqliyyat hadisəsi törədildiyi müəyyən edilib. Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Qusar rayon sakini, əvvəllər məhkum olunmuş R.Mirzəliyev müəyyən edilərək saxlanılıb. Onun sərxoş halda olduğu aşkarlanıb.
Faktla bağlı rayon polis idarəsində araşdırma aparılır.