CƏMİYYƏT
Quba-Xaçmaz regionunda 70-dən artıq sahibkarlıq subyektinə məxsus qida obyekti qeydiyyata alınıb


Bakı, 29 noyabr, AZƏRTAC
Xüsusi təchiz olunmuş texniki vasitələrlə Qida Təhlükəsizliyi Agentliyinin Quba-Xaçmaz regional bölməsinin ərazisində 70-dən artıq sahibkarlıq subyektinə məxsus qida obyektinin yerində qeydiyyata alınması və təsdiqi həyata keçirilib. Eyni zamanda sahibkarlar qida təhlükəsizliyi qeydiyyatına alınma ilə bağlı qanunvericiliyin tələbləri barədə məlumatlandırılıb.
Bu barədə AZƏRTAC-a agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat veriblər.
Qeyd edək ki, sahibkarlar agentliyin “1003-Çağrı Mərkəzi” və regional bölmələri ilə birbaşa əlaqə saxlamaqla, səyyar formada qeydiyyata alınma xidmətindən yararlana bilərlər. Qeydiyyatla bağlı səyyar xidmət göstərilməsi zamanı yalnız Azərbaycan Respublikasının qanunları və digər normativ-hüquqi aktlarla müəyyən olunmuş sənədlər tələb edilir.
Səyyar formada qeydiyyata alınma ilə yanaşı, sahibkarlar cavabdeh olduqları obyektlərin qeydiyyatı (təsdiqi) üçün Qida Təhlükəsizliyi Agentliyinin saytında “Asan imza” ilə şəxsi kabinetlərinə daxil olaraq onlayn müraciət edə bilərlər. Həmçinin onların şəxsən (və ya səlahiyyətli nümayəndə vasitəsilə) kağız daşıyıcılarda “ASAN xidmət” mərkəzlərinə, kiçik və orta biznes evlərinə (KOB evlərinə), “Bir Pəncərə” İxraca Dəstək Mərkəzinə və Agentliyin regional bölmələrinə müraciət etmək imkanları var.
Onu da bildirək ki, “Qida təhlükəsizliyi haqqında” Qanuna əsasən, qida zəncirinin bütün mərhələləri üzrə fəaliyyət göstərən qida subyektləri və obyektləri qeydiyyatdan keçirilməlidir. Qeydiyyat üçün dövlət rüsumu tələb olunmur. Obyektlərin (subyektlərin) qeydiyyata alınmadan və ya təsdiq olunmadan qida sahəsində fəaliyyət göstərməsi isə qadağandır.