QUBADA FƏRDİ UÇOTA ƏSASLANAN YENİ PENSİYA SİSTEMİNƏ KEÇİDLƏ BAĞLI SEMİNAR KEÇİRİLMİŞDİR
Seminarı giriş sözü ilə Dövlət Sosial Müdafiə Fondunun sədr müavini Zakir Babayev açmışdır. O, əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş pensiya islahatlarının həyata keçirilməsi, ölkə əhalisinin pensiya təminatının yaxşılaşdırılması sahəsində görülmüş işlərdən danışmış və müasir tələblər səviyyəsində müvafiq qanunvericilik bazasının yaradılması üçün qəbul edilmiş və hazırlanmaqda olan hüquqi aktlar barədə seminar iştirakçılarına geniş məlumat vermişdir.
“Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun potensialının gücləndirilməsi” layihəsinin direktoru Oqtay İbrahimov və BMT-nin İnkişaf Proqramının Azərbaycan nümayəndəliyinin baş proqram müşaviri Sultan Hacıyevin məruzələri dinlənilmişdir. Qeyd edilmişdir ki, layihənin məqsədi dünyanın əksər qabaqcıl ölkələrində tətbiq edilən pensiya təminatında və hesablanmasında vətəndaşların ödədiyi sosial sığorta vəsaitlərinə əsaslanan fərdi uçot sisteminə keçid ona uyğun hüquqi, metodiki və texniki hazırlığın işlənib həyata keçirilməsi, bununla bağlı yerlərdə maarifləndirmə işlərinin aparılması, fondun fəaliyyətində yeni idarəetmə formalarının tətbiqinə şərait yaratmaqdır.
Bununla əlaqədar pilot rayonlarının, Dövlət Sosial Müdafiə Fondunun nümayəndələri geniş fikir mübadiləsi aparmış və meydana çıxan suallara cavablar vermişlər. Minnətdarlıq hissi ilə vurğulanmışdır ki, Azərbaycan Prezidenti İlham Əliyevin şəxsi tapşırığı ilə layihənin həyata keçirilməsi üçün lazım olan 700 min ABŞ dolları məbləğində vəsaitin 400 min dolları respublika hökuməti tərəfindən ayrılmışdır.
Seminar iştirakçıları ötən il oktyabrın 11-də dövlətimizin başçısı İlham Əliyevin iştirakı ilə təntənəli açılış mərasimi olmuş Quba Olimpiya Kompleksini gəzmişlər.