Qubada “Zəfər yazanlar” ədəbi toplusu oxuculara təqdim edilib
Quba, 6 noyabr, Elxan Yusifli, AZƏRTAC
Xaçmaz Regional Mədəniyyət İdarəsinin təşkil etdiyi “Zəfər yazanlar” ədəbi yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb və “Zəfər yazanlar” ədəbi toplusu oxuculara təqdim edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Quba rayon Heydər Əliyev Mərkəzində keçirilən tədbirin əvvəlində torpaqlarımızın azadlığı uğrunda canını fəda etmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbirdə Quba Rayon İcra Hakimiyyətinin başçısının müavini Səidə Abasova, Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi Vüsal Hüseynov, şəhid ailələri, müsabiqənin təşkilat komitəsinin üzvləri, münsiflər, region yazarları, mədəniyyət işçiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə Quba şəhər Uşaq İncəsənət Məktəbinin şagirdlərinin rəsm əsərlərindən ibarət sərgiyə baxış keçirilib, məktəbin skripka ifaçılarından ibarət kollektivinin çıxışı dinlənilib.
Müsabiqənin təşkilat komitəsinin rəhbəri Ramiz Ramazanlı tədbir iştirakçılarına müsabiqə və “Zəfər yazanlar” ədəbi toplusu barədə məlumat verib. Bildirilib ki, müsabiqədə I, II, III yerlərə layiq görülən, eləcə də həvəsləndirici yerlər qazanan əsərlər “Zəfər yazanlar” ədəbi toplusu halında nəşr olunub.
Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi Vüsal Hüseynov bildirib ki, “Zəfər yazanlar” ədəbi yazı müsabiqəsi regionda yazıb-yaradan yazıçı və şairlərin 44 günlük Vətən müharibəsi ilə bağlı əsərlərinin toplu halına gətirilməsi, gələcəkdə bu əsərlərdən bölgədə hazırlanan bədii-kütləvi tədbirlərdə, konsert və tamaşalarda ədəbi material kimi istifadə olunması məqsədilə elan edilib.
Müsabiqəyə ümumilikdə 3 janr üzrə 50-yə yaxın əsər qəbul olunub. Poeziya-şeir janrı üzrə iki əsər I yerə, iki əsər II yerə, üç əsər isə III yerə, nəsr-hekayə janrı üzrə iki əsər I yerə, iki əsər II yerə, üç əsər isə III yerə layiq görülüb. Dramaturgiya-pyes janrı üzrə isə cəmi bir əsər qəbul edilib. Həmçinin iki əsər həvəsləndirici mükafata layiq görülüb.
Quba Rayon İcra Hakimiyyəti başçısının müavini Səidə Abasova çıxışında bu kimi müsabiqələrin əhəmiyyətindən, şəhid ailələri və qazilərə göstərilən dövlət qayğısından danışıb.
Münsiflər heyətinin üzvləri şair Ramiz Qusarçaylı və yazıçı-publisist Aydın Tağıyev müsabiqənin gedişi, təqdim edilən əsərlər barədə ətraflı məlumat veriblər.
Çıxışlardan sonra müsabiqə qaliblərinə Xaçmaz Regional Mədəniyyət İdarəsinin fəxri fərman və mükafatları təqdim olunub.
Tədbirin bədii hissəsində Şabran Xalq Teatrının “Xarıbülbül” tamaşasından bir hissə nümayiş olunub, Quba şəhər Uşaq Musiqi məktəbinin müəllim və şagirdləri konsert proqramı ilə çıxış ediblər.