Qubadakı yarışda birinci olan gimnast: Uğurlarımı davam etdirmək istəyirəm
Quba, 24 sentyabr, AZƏRTAC
"Bu cür yarışda iştirak etmək olduqca maraqlıdır".
Bu sözləri AZƏRTAC-a açıqlamasında Quba şəhərində keçirilən bədii gimnastika üzrə "Grace of Nature" yarışında birinci olan "Ocaq Sport" klubunun üzvü Zeynəb İsmayılova deyib.
O, qələbəyə görə xoşbəxt olduğunu bildirib: "Məşqlərdə çox çalışırdım. Hər kəs birinci olacağıma inanırdı. Bu gün əla mübarizə apardım. Uğurlarımı davam etdirmək istəyirəm".
"Ocaq Sport" klubunun birinci yerə sahib çıxmış digər bədii gimnastı Əsmər Bağırova da yarışın maraqlı keçdiyini bildirib. O, gələcəkdə də uğurlu nəticələr əldə etmək istədiyini vurğulayıb.
Üç gün davam edəcək yarışda iştirakçılar fərdi çoxnövçülük və alətlər, qrup hərəkətlərində isə yalnız fərdi alətlər üzrə proqramla mübarizə aparırlar. Turnirdə ölkənin müxtəlif klublarından idmançılar iştirak edirlər.
Qeyd edək ki, "Grace of Nature" turnirinə sentyabrın 26-da yekun vurulacaq.