CƏMİYYƏT
Qusarda bitkiçilik təsərrüfatlarında monitorinqlər aparılıb
Bakı, 15 may, AZƏRTAC
Qida Təhlükəsizliyi Agentliyi tərəfindən zərərli orqanizmlərin vaxtında aşkarlanması və ölkə ərazisində yayılmasının qarşısının alınması məqsədilə fitosanitar monitorinqlər davam etdirilir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, ölkə ərazisində bitkiçilik məhsullarının ilkin istehsalı təsərrüfatlarında monitorinqlərin aparılması ilə bağlı Milli Monitorinq Planının icrası məqsədilə Qusar rayonunun Kuzunqışlaq kəndində yerləşən “Soyuzaqrokontrakt” MMC-yə məxsus meyvə bağında monitorinq aparılıb.
Monitorinq zamanı təsərrüfatda təyinatına uyğun olaraq qəhvəyi mərmər bağacığı, şaftalı meyvəyeyəni, Aralıq dənizi meyvə milçəyi və Qərb çiçək tripsinin mövcudluğunu müəyyən etmək üçün feromon tələlər asılıb.
Bununla yanaşı, Qusar rayonunun Urva kəndində yerləşən fiziki şəxslərə məxsus 7 ədəd kartofçuluq təsərrüfatında da monitorinq aparılıb. Monitorinq zamanı Qızılı kartof nematodunun mövcudluğunu aşkarlamaq məqsədilə nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub. Laboratoriya nəticələrində uyğunsuzluq aşkarlanmayıb.