Quşları görmək üçün hər il on minlərlə turist milli parklarımızı ziyarət edir
Bakı, 1 aprel, AZƏRTAC
1 aprel “Beynəlxalq Quşlar Günü”nün qeyd olunmasında məqsəd ictimaiyyəti vəhşi quşların sayı və növ müxtəlifliyi barədə məlumatlandırmaq, insanları vəhşi təbiətin mühafizəsinə cəlb etməkdir.
Ümumdünya Vəhşi Təbiət Fondunun Azərbaycan nümayəndəliyinin rəhbəri Elşad Əsgərov AZƏRTAC-a bildirib ki, Azərbaycan ornitofauna baxımından çox zəngin ölkədir. Belə ki, Azərbaycanın landşaft müxtəlifliyi və ölkənin quşların miqrasiya yolları üstündə yerləşməsi ilə əlaqədar respublika ərazisində 400-dən artıq quş növü qeydə alınıb.
“Əsas quş marşrutları Xəzər dənizinin sahili boyu yerləşir, buradan miqrasiya dövründə milyonlarla quş köç edir. Köç edən və qışlamada olan quşların mühafizəsi üçün Xəzər dənizinin sahilində Abşeron, Şirvan və Qızılağac Milli Parkları təşkil olunub. Quşlar üçün əhəmiyyətli olan daha bir milli park Ağgöl Milli Parkıdır. Şirvan və Ağgöl milli parkları yalnız su-bataqlıq ərazilərinə xas olan quşlar üçün deyil, həm də ölkəmizə qışlamaq üçün gələn bəzgək dəstələri üçün də əhəmiyyətli ərazilərdir”.
E.Əsgərov qeyd edib ki, Qızılağac və Ağgöl milli parkları quşların qışlama yeri kimi beynəlxalq statusa malikdir və UNESCO-nun “Əsasən su quşlarının yaşama yerləri kimi beynəlxalq əhəmiyyəti olan sulu-bataqlıq yerlər haqqında” Ramsar Konvensiyasının Ramsar Siyahısına daxil edilib.
“Zaqatala, İlisu dövlət təbiət qoruqları, Şahdağ və Göygöl milli parkları da meşə və yüksək dağlıq landşaftlarda məskən salan yırtıcı quşların-qartalların, endemik növlər olan tetra və ularların mühafizəsində böyük rol oynayır”.
E.Əsgərovun sözlərinə görə, ekoturizmin inkişafı üçün quşların əhəmiyyəti böyükdür. Belə ki, quşları görmək üçün hər il on minlərlə turist milli parklarımızı ziyarət edir.